Tarix : 2010 Sep 04
Kod 18837

Qüds Günü – Zülmkarlığa Etiraz Simvolu!..

Hələ qədim dövrlərdən mütəfəkkirlərin “Vəhyin əski paytaxtı” adlandırdıqları Qüds şəhəri günümüzdə yenə də ziddiyyətlərin mərkəzində yer almaqdadır
Azərbaycan Servisi/Aran Agentliyi
Hələ qədim dövrlərdən mütəfəkkirlərin “Vəhyin əski paytaxtı” adlandırdıqları Qüds şəhəri günümüzdə yenə də ziddiyyətlərin mərkəzində yer almaqdadır. Xeyirlə şər, haqla batil, ədalətlə zülmkarlığın ziddiyyətinin episentri olan bu müqəddəs şəhər əslində həm də bir simvoldur. Bu ziddiyyətlər mübarizəsində xeyiri, haqq və ədaləti simvolizə edən, eyni zamanda şərə, batilə və zülmkarlığa qarşı mücadilə rəmzi olan Qüds artıq öz mahiyyəti etibarilə cahanşümul xarakter daşıyır və millətindən, dilindən, dinindən asılı olmayaraq, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Bu baxımdan ilahi vəhy ocağı olan Qüds təkcə Fələstinin, yaxud Yaxın Şərqin deyil, bütün dünyanın paytaxtıdır. İlahi dinlər tərəfindən Müqəddəs Şəhər statusunu daşıyan bu məkan əsrlərdən bəri həm özü sınaq qarşısında dayanıb, həm də bütün bəşəriyyət üçün bir sınağa çevrilib. Xeyiri şərdən, haqqı batildən, ədaləti zülmkarlıqdan ayırd edəcək bir sınağa...
İlin 365 günü arasında bu Müqəddəs Şəhərin Müqəddəs adını (əslində “müqəddəs” sözü ilə “qüds” sözü eyni kökdən olub, eyni mənanı ifadə edir) daşıyan bir gün də var – Qüds Günü. Həmin Gün həm də Müqəddəs ayın – Ramazan ayının mübarək Cüməsinə təsadüf edir. Vəhy şəhərinin adını daşıyan bu gün, vəhy ayının son cümə günüdür. Kimlər üçün həm də son sınaq günü!..
Bu, müsəlmanlar tərəfindən elan edilmiş “Qüds Günü”nün ünvanı idi. Amma həmin adın başqa bir ünvanı da var: İsrail və sionistlər Şərqi Qüdsü işğal etdikləri günün ildönümünü hər il “Qüds Günü” olaraq qeyd edirlər. Əlbəttə, bir “müsəlman dənizi” içində “kiçicik sionist adasını” xatırladan İsrailin Qüdsü İslam aləminin əlindən qoparıb almasını bayram etməsi anlaşılandır. Bir-biri ilə çəkişən, dövlət səviyyəsində bir-birilərini düşmən, “strateji rəqib” hesab edən müsəlman ölkələri öz ayaqları altını qazmaqla başlarını qatdıqları zaman İsrail bu ölkələrin strateji obyeklərini, düşüncə sahiblərini, ictimai-siyasi təşkilatlarını, ticari-iqtisadi sahələrini, nəhayət, dövlət adamlarını rahatlıqla ələ keçirir. Qüdsü bir ərazi, eyni zamanda bir simvol olaraq işğal edən İsrail əslində bütün İslam aləminin siyasi-ideoloji işğalıyla məşğuldur. İsrailin bayram etdiyi “Qüds Günü” də öz növbəsində, bir simvol olaraq, sionistlər üçün İslam dünyasının ram edilməsini simvolizə edir!
Beləliklə, 2 Qüds Günü var qarşımızda: biri zülmkarlığa qarşı etirazı simvolizə edən müsəlmanların, digərisə zülmkarlığın özünü simvolizə edən sionistlərin Qüds Günü. Bəşəriyyət bu 2 günlə də sınanır! Hansı birini özünə, ruhuna, vücuduna doğma Qüds Günü sayacaq?..
Qüdsün ətrafında yaranmış problem son altmış ildə dünyanın ən ağrılı problemi olaraq qalmaqdadır. Dünya birliyi bu ağrılı problemin həllini tapmaqda hələ də acizdir. Nə üçün? Belə ki, bu problemi ərsəyə gətirən sionistlərin əlində acizdir! Kimiləri bu acizliklə barışır, kimiləri isə sionizm zülmkarlığına qarşı mübarizə ruhiyyəsilə ayağa qalxır, bu acizliyə son qoyub, sionizm əsarətindən qurtulmağa, zülm və zülmkara “yox!” deməyə çalışır. Həm də göz önündə təkcə Qüds şəhərini deyil, dünyanın bütün nöqtələrində olan qüdsləri, işğala məruz qalmış bütün əraziləri, təcavüzkarların tapdağı altında inildəyən bütün torpaqları, üstəlik yalnız torpaqları deyil, beyinləri, düşüncələri, qəlbləri, ruhları azad etməyi canlandırır! Axı Qüds Günü bir simvoldur! “Qüds” – həmin günün şərti adıdır. Özündə Müqəddəs, Qüdsi dəyərləri canlandıran bir simvolikadır “Qüds Günü”! Həmin günün başqa adları da var – “Şuşa Günü”, “Bağdad Günü”, “Kabil Günü”, “Zəka Günü”, “Ruh Günü”...
Xatırladaq ki, Birinci dünya savaşında uduzan Osmanlı nəzarət etdiyi əraziləri bir-birinin ardınca itirdi. Qalib dövlətlər bu müsəlman ərazilərini ələ keçirib, öz aralarında böldülər. Suriya və Livan Fransanın, İraq, Misir və Fələstin isə İngiltərənin idarəçiliyinə verildi. Bu, elə bir dövr idi ki, ərazidə dövlətlərini yaratmaq barədə qərar qəbul etmiş yəhudi təşkilatlar bu istiqamətdə ciddi fəaliyyətə başlamışdı. İngilislərin iznilə dünyanın müxtəlif bölgələrindən yəhudilər Fələstinə köçürülür və burada sürətlə yəhudi fermaları yaradılırdı. Paralel olaraq yaradılan qeyri-rəsmi yəhudi silahlı dəstələri müqavimət göstərən ərəbləri silah gücünə köçürməklə ərazidə yəhudilərin sayını çoxalmasına kömək edirdilər. İngilis mandatlığı şəraitində yerli fələstinlilər ciddi müqavimət göstərmək imkanlarından məhrum idilər. Axı onlar əslində Osmanlını təmsil edən tərəf kimi, savaşda məğlub olmuş tərəf idi! Beləcə İngiltərə Fələstin ərazilərində çoxlu sayda yəhudilərin məskunlaşmasını təmin etdi. Yəhudilərin Sion dağları bölgəsinə köçürülməsini və burada yəhudi dövlətinin yaradılmasını qarşısına ideoloji məqsəd qoymuş sionistlər ilbəil öz hədəflərinə bir qədər də yaxınlaşırdılar.
İkinci dünya müharibəsindən sonra İngiltərə Fələstin məsələsinin kifayət qədər dərinləşdiyini nəzərə alaraq gələcəkdə ərəb dünyası ilə qarşı-qarşıya qalmamaq üçün Fələstin məsələsini BMT-nin müzakirəsinə çıxardı. Həmçinin qoşunlarını bölgədən çəkəcəyini bəyan etdi. Fələstin məsələsi 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinə çıxarıldı. Yəhudilərin Avropada (?!) kütləvi qırğınlara məruz qalması bəhanəsilə Fələstində (?!) onlar üçün bir dövlət qurulması ideyası gündəmə çıxarıldı. Və 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qərar qəbul olundu. Qərara əsasən, Fələstin torpaqlarında iki - ərəb və yəhudi dövləti yaradılmalı idi. O cümlədən Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv. km-i yəhudi dövlətinin, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizi isə yaranacaq ərəb dövlətinə verilməli idi.
Yəhudilərə düşən ərazidə 500 mindən bir qədər az yəhudi və 150 min ərəb, ərəblərə ayrılmış torpaqlarda is ə 750 min ərəb və 10 min yəhudi yaşayırdı. 106 min ərəb və 100 min yəhudinin yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statuslu zona olmalıydı. O zaman Şərqi Qüds - ərəb şəhəri olaraq qalırdı!
Bu məcrada ABŞ, SSRİ və Fransa kimi iri dövlətlər bölünmənin lehinə, ərəb ölkələri və Türkiyə əleyhinə səs verdi, İngiltərə isə keçmiş müstəmləkəsi ilə bağlı qərara bitərəf qalmaqla hər iki tərəfin razılığını qazanmağı düşünürdü. Qəribədir ki, yəhudilər də bu qərardan narazı olduqlarını bəyan etdilər. Az sonra isə “Naqana”, “İrqun” kimi radikal yəhudi təşkilatlarının qeyri-qanuni hərbi birləşmələri ərəb yaşayış məskənlərinə hücumlar təşkil etməyə başladılar. Qısa vaxt ərzində BMT-nin ərəb dövləti üçün nəzərdə tutduğu xeyli ərazi sionist yəhudilər tərəfindən işğal olundu. Ərəblərdə kütləvi xof yaratmaq üçün Dər Yasin kəndində kütləvi qırğın təşkil edən yəhudi silahlı dəstələri aralardında qadın, uşaq və qocaların da olduğu yüzlərlə dinc ərəb sakinlərini qətlə yetirdi. Eynilə Xocalı ssenarisi hələ o zaman sionistlər tərəfindən gerçəkləşdirildi. Bu hadisə iki ciddi nəticəyə səbəb oldu. Birincisi, sonrakı 60 ildə bir xalqın və bütövlükdə dünyanın əsas problemlərindən olacaq Fələstin qaçqınları problemi yarandı. Milyonlarla fələstinli bu günə qədər dünyanın müxtəlif bölgələrinə səpələndilər. İkincisi isə hadisələr ərəb müqavimət qüvvələrinin formalaşması prosesini sürətləndirdi, ilk müqavimət hərəkatları yaranmağa başladı.
5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi başladı. İsrail ordusu Qərbin tam dəstəyilə 6 gün ərzidə Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarmadasını, Suriyanın Colan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları - Qüdsün ərəblərə aid (1948-ci il bölgüsü zamanı Qüds şəhəri iki hissəyə bölünmüşdü) hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də İsrail bu qətnaməyə məhəl qoymadı. İşğal olunmuş ərazilərdə inzibati idarəçilik rejimi yaradıldı. BMT qətnamələri tapdaq altına atılaraq, bu ərazilər “İsrail” dövləti”nin əraziləri elan edildi. Dünyanın gözü qarşısında fələstinlilərin əraziləri işğal və ilhaq edildi, on minlərlə günahsız insan qanı töküldü, milyonlarla insan ev-eşiyindən didərgin düşdü, amma bütün bu cinayətləri törədən sionist rejiminə “gözün üstə qaşın var” deyən olmadı!
Bəs bu gün nə baş verir? Təcavüzkar İsrailə yenə də təpinən bir qüvvə tapılmır. 60 ildir milyonlarla fələstinlini öz məkrli qara niyyətlərinin əsiri etmiş sionizm qınanılmır, amma öz doğma yurd-yuvalarını İsrail təcavüzkarlığından qorumaq, işğala qarşı mübarizə aparmaq məqsədilə yaradılmış fələstinlilərin müqavimət hərəkatı terrorçuluqda ittiham olunur. Minlərlə günahsız dinc fələstinlini, o cümlədən uşaq, qadın, qoca və xəstələri öz evlərindəcə amansızlıqla qətlə yetirən İsrail “sivil dövlət” kimi təqdim olunur, amma işğala qarşı mübarizəyə qalxan qeyrətli fələstinlilər “terrorçu” olur…
Cinayətkarın cəzasız qalması yeni-yeni cinayətlərə yol açır. Vaxtıyla sionistlər layiqli cəzalarını alsaydılar, bu gün Dağlıq Qarabağda ermənilər at oynatmazdılar! Vaxtıyla işğalçılar yerinə otuzdurulsaydı, bu gün işğalçılıq yer üzünü caynağına keçirməzdi!..
Amma həyat davam edir. Deməli, sınaq da hələ bitməyib. Bizlər də bu sınağın içindəyik. Qüds Gününü bütün bu zülmkarlıqlara qarşı bir Etiraz Günü olaraq qəbul edib, zülmə, haqsızlığa “yox!” demək üçün bir fürsət yaranır qarşımızda. Yer üzünü bürümüş zülmə son qoymaq üçün! Yeni-yeni zülmkarlıqların ərsəyə gəlməməsi üçün! Bu mübarək Ramazan ayında Allah qarşısında bir daha haqq və ədalət tərəfdarı olduğumuzu iqrar etmək üçün. Bu Qüdsi günlərdə Qüdsiliyə nail olmamız üçün!..
 
 
Elşən Mustafaoğlu,
“Yeni Şərq” Araşdırmalar Mərkəzi
 
  • Yazılıb
  • da (də) 2010 Sep 04