Tarix : 2010 Sep 06
Kod 18871

Azərbaycan ölçüləri

rüşvətxorluq, yuxarıda eyş-işrət, aşağıda səfalət, dinsizlik! Azərbaycanda yuxarıların həqiqi İslama baxışı yəhudi və xaçpərəst baxışından geri qalmır
Azərbaycan Servisi/Aran agentliyi
Azərbaycanda bir insanın vəzifə pilləsinə qalxmaq üçün hansı kriteriyalara cavab verməli olduğu hamıya aydındır: saray sədaqəti və işbazlıq. Görən millətə xidmət üçün bu iki kriteriya lazımdırmı və ya bəs edirmi? Saraya sadiq və işbaz adam xalqa nə xeyir verə bilər? Hər şey göz qabağındadır: rüşvətxorluq, yuxarıda eyş-işrət, aşağıda səfalət, dinsizlik! Azərbaycanda yuxarıların həqiqi İslama baxışı yəhudi və xaçpərəst baxışından geri qalmır. Çünki İslam həqiqətə sədaqət, düzlük, xalqa xidmət tələb edir. Bütün bunlar bizim məmur zümrəsi üçün ölümə bərabərdir. Saraya sədaqət göstərmədən, rüşvət almadan, baş kəsmədən var-dövlət yığıb, kübar həyat yaşamaqmı olar?! Ona görə də İslamla vuruşur, dinin səhnəyə gəlməsinə fəlakət kimi baxır, İslam və islamçıları xalqa düşmən kimi tanıtdırırlar. İslama münasibətdə xalqı çaşdırmaq üçün hansı işlər görüldüyü, hansı pullar xərcləndiyi, kimlərlə həmkarlıq edildiyi Qiyamət Günü bilinəcək. Qiyamət Günü ortaya qoyulacaq ki, Allahın xalq üçün qurtuluş yolu saydığı İslamı bəbəxtlik kimi təqdim edənlər hansı oyunlardan çıxıb!
“Millət”, “Vətən” sözünü dilə gətirməyə, xalqa xidmət üçün meydana girməyə ləyaqət lazımdır. Halal-haram qanmayan, arzu-istəyi varlanmaq-hallanmaq olanların xalqa xidmət ləyaqəti yoxdur. Onlar sanki xalqın qanını sormaq üçün yaradılıblar! Azərbaycanımızda bir zümrə də var: Dindar zümrə. Təbii ki, mədəniyyət, əxlaq, ədalətə dəyər verilməyən bir məmləkətdə dindar zümrə də nöqsansız deyil. Amma bu zümrəni rüşvətxor məmur zümrəsi ilə müqayisə etmək insafsızlıqdır. Bu zümrə ən azı xalqın malını qarət etməyə, zülm-sitəmə Tövbə qılmış zümrədir.
Azərbaycanda dindar kəsim arasında Haqq, Xalq, Vətənə sədaqətli insanlar çoxdur. Onlardam biri də ən çox sevilənlərdən olan Hacı Mövsüm Səmədovdur. Hacı Mövsüm 1965-ci ildə Quba rayonunda anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Varlı-hallı yaşamaq imkanı bugünkü məmurlardan az olmayan gənc, Allah yolunu tutub, İslama xidmət qərarına gəlib. Müqəddəs Qum şəhərində ruhani təhsil alıb. Azərbaycan İslam Partiyasının 6-cı qurultayında 118 nəfər qurultay nümayəndəsindən 96-nın səsini alaraq sədr seçilib.
Hacı Mövsüm Səmədovun fikrincə, Azərbaycan hökuməti İraq və Əfqanıstanı işğal etmiş ABŞ-la, Fələstini işğal etmiş İsraillə bütün əlaqələri kəsməlidir. Azərbaycan Qərb ölkələri ilə neytral münasibətlər saxlamaqla, əsasən İslam Konfransı Təşkilatında birləşən müsəlman ölkələri ilə, xüsusilə də İran və Türkiyə ilə münasibətlərini genişləndirməlidir.
Hacı Mövsüm Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubunda yazır: “Yəqin ki Siz Azərbaycanı nə Amerikanın, nə də İsrailin əyalətlərindən biri hesab etmirsiniz. Onda demokratiyanın təminatçısı hesab olunan BMT-nin, təcavüzkar və qaniçən bir rejimin keçmiş baş naziri Ehud Olmerti hərbi cinayətkar kimi tanıması və Avropa ölkələrinin bir hissəsinin onun barəsində həbs-qətimkan tədbiri seçməsindən sonra, beynəlxalq aləmin gözü qarşısında bu uşaq qatilinin Azərbaycanda yüksək səviyyədə qarşılanmasına nə ad verə bilərsiniz?
Xalqımız istəmir Sizinlə ziddiyyətli mövqedə qərar tutsun. Amma bununla bərabər həm də istəmir ki, bəşəriyyətin bu gün acınacaqlı günə düşməsinə səbəb olan sionizm Azərbaycanda himayə olunsun. Biz istəyirik günahsız Fələstin xalqının qanını tökmüş bu təcavüzkarın əli, erməni təcavüzkarları ilə birlikdə əziz Vətənimizdən kəsilsin. Çünki xalqımız dinimizə, mənəviyyatımıza dəyən zərbələrin əsas kökünü dünya sionistlərindən bilir…”
Açıq çıxışları, tənqidi bəyanatlarına görə Hacı Mövsüm daim təqib edilib. 03 sentyabrda, Beynəlxalq Qüds Günü səhər saatlarında bir qrup dindar İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında dinc etiraz aksiyası keçirdi. Aksiyada işğalçı İsrail rejiminin Fəlsətində törətdiyi qətliamlara etiraz edildi. Səfirliyin binası qarşısına toplaşan insanlar əllərində şüarlar tutaraq işğalçı rejimlərə lənət oxudu. İşğal altında saxlanılan Qarabağ torpaqlarının azad edilməsi tələbini də səsləndirən aksiya iştirakçıları işğalçı Ermənistanı da işğala son verməyə çağırdı.
Amma aksiyadan geri dönən iştirakçıların qarşısını Yasamal rayon Polis İdarəsinin əməkdaşları kəsdi. Zor tətbiq etməklə 60 nəfər maşınlara doldurub 26 və 27-ci polis bölmələrinə aparıldı. Axşam saatlarına kimi heç bir əsas olmadan şöbədə saxlanılan aksiya iştirakçıları 8 nəfər istisna olmaqla azad edildi. Saxlanılananlardan biri də Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov oldu.Müəmmalı şəraitdə AİP sədrinə 8 günlük həbs cəzası verildi…
Allah qanunlarına itaət edən, təmiz və sadə yaşayan, zülmə qarşı səsini ucaldan bir insan həbsxanaya atıldı. Vəzifədən ötrü şəxsiyyətini xərcləməyən, rüşvət almayan, xalqın hesabına kübar həyat yaşamayan bir insanın azadlıqda qalması təhlükəli sayıldı. Bu Azərbaycan ölçüləridir!
Biz bütün Dindar zümrəyə üz tuturuq: Haqq və Millətə sədaqətinə, təmizliyinə zərrəcə şübhə olmayan bir insanın həbsxanaya atılmasını təşkil edənlər, həyata keçirənlər və kənardan seyr edənlər Allah məhkəməsində cavab verəcək. Həmin ağır Sorğu Gününə inanan insanlar olaraq Hacı Mövsüm  və onunla birlikdə həbs edilən dindarların azadlıq və bəraəti üçün əlimizdən gələni etməliyik. Dinc, asayişi pozmayan insanları məhz dini baxışlarına görə həbs etmək Azərbaycan qanunlarına görə cinayətdir. Azərbaycan qanunlarının bərpası üçün ayağa qalxıb, həbs edilmiş günahsız insanlara həmdərd olaq – kim necə bacarırsa!
Bu gün məmləkətimizə hakim olan ölçülərin ömrü uzun olmayacaq. Bunu Allah vəd edir!
Haqq Yolu Elm və Mədəniyyət institutu
 
  • Yazılıb
  • da (də) 2010 Sep 06