Səbəb Kürün onlara vurduğu ziyan və bu ziyanın qarşılığının hələ də ödənilməməsidir
Azərbaycan Servisi/Aran Agentliyi
Sabirabad rayonunun Balahəşimxanlı kəndinin bir qrup sakinini Bakıya gəlməyə vadar edən səbəb Kürün onlara vurduğu ziyan və bu ziyanın qarşılığının hələ də ödənilməməsidir. Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşan sabirabadlılar bu müddət ərzində onlara bir qəpik də olsun maddi köməklik edilmədiyini bildiriblər. Sakinlərin sözlərinə görə, Balahəşimxanlı kənd icra nümayəndəsi onları Sabirabad rayonu İcra Hakimiyyətinin üstünə, İcra Hakimiyyəti isə birbaşa Bakıya göndərib. Ortalıqda qalan sakinlər sonda FHN-nin qarşısına gəlməyə qərar veriblər.
“Bizi dövlət səviyyəsində kənddən çıxarıblar. Təsərrüfatımız, evimiz, ümumiyyətlə, nəyimiz vardı hamısı məhv oldu. Qaçqın dövrü yaşadıq. İndi vəziyyət kritikdir. Bu yaşamaq deyil. Torpaqdan dolanan insanlarıq. Bizim gəlirimiz torpaqdandır. İndiyə qədər əlimizdə nə var idi, hamısı əlimizdən çıxdı”, söyləyən Balahəşimxanlı kənd sakini Nail Fərəcov bildirdi
Qeyd edək ki, ölkədə təbii fəlakət nəticəsində evi tamam uçan vətəndaşlara həm ev tikilir, həm də əlavə kompensasiya verilir. Amma Sabirabad sakinləri deyirlər ki, onların qəzalı vəziyyətə düşən evləri ilə heç kim maraqlanmır. Baxmayaraq ki, fəlakətlə bağlı yaradılan komissiyanın nümayəndələri vaxtında onlara söz vermişdilər ki, narahat olmayın hər bir kəsə lazımi yardımlar olunacaq, konpensasiyalar veriləcək.
Nazirliyin həyətində gözləmələrinə baxmayaraq şikayətçi kəndliləri heç kim qəbul etmədi. Sadəcə olaraq, onu bildirdilər ki, Kür qırağı sahələrdə baş verən təbii fəlakətlə bağlı xüsusi komissiya yaradılıb. Bütün şikaytələri həmin komissiyanın üzvlərinin diqqətinə çatdırmaq lazımdır.
Məsələ ilə əlaqədar nazirliyin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin rəis müavini Elxan Əsədov açıqlamasında təbii fəlakət nəticəsində ziyan çəkən sakinlərə kateqoriyalar üzrə kompansasiya veriləcəyinə vəd verdi.
“Evin ümumi sahəsi 40 kvadratdan artıqdırsa, 1000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin kateqoriyadan olan insanlar evləri, əşyaları sıradan çıxdığından mütləq kompensasiya alacaqlar”, - deyə Elxan Əsədov vurğuladı.
Ev əşyalarına görə kompensasiyanın həcmi adambaşı 300 manatdan 1600 manata qədər ola bilər. İkinci növ kompensasiya dövlət tərəfindən evlərində bərpa-gücləndirmə işləri aparılan sakinlərə veriləcək. Lakin bu yardım tikinti işləri üçün deyil, evlərdə cari-təmir aparılması, eləcə də, məişət avadanlıqlarının alınması üçün nəzərdə tutulub. Üçüncü növ kompensasiya isə FHN tərəfindən inşa edilən, tam təmirli mənzillərə köçürülən ailələrə veriləcək. Bu kompensasiyanın verilməsində məqsəd sakinlərə ev əşyalarının alınmasına yardımçı olmaqdır. Bu, birdəfəlik yardım ailə tərkibinə görə nəzərdə tutulub. Belə ki, ikinci kateqoriya kompensasiyalarda olduğu kimi burada da ailənin 1 üzvü üçün yardım 300-1600 manat arası təşkil edir.