Zərdüşt Əlizadə: "Belə bir siyasi birliyə, yaxud hərbi ittifaqa zərurət yaransa da, bu ölkələr ayrı-ayrılıqda fərqli siyasət yürütdükləri üçün hələ zəmin yoxdur"
Azərbaycan Servisi/Aran Agentliyi
Bildiyimiz kimi, son zamanlar regionda konkret olaraq, Cənubi Qafqazda bir sıra hadisələr baş verir. Eyni zamanda bu olayların əsasən Qərb və Rusiya tərəfindən həyata keçirilməsi də heç kimə sirr deyil. Bu mənada regionun taleyi təhlükəsizlik baxımından sual altına düşür. Məhz buna görə, FaktXeber.com olaraq, bölgədə hər hansı bir siyasi birliyik və yaxud hərbi ittifaqın yaradılmasına zərurət varmı – sualı ilə politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Onun sözlərinə görə belə bir birliyə zərurət yaranıb: “Hətta Azərbaycanda demokratik dövlətin quruluması üçün də zərurət var, amma buna zəmin yoxdur. Çünki, xalq və hakimiyyət hələ hazır deyil. Regionda təhlükəsizlik baxımından hər hansı bir birliyin yaradılmasına gəldikdə, hesab edirəm ki, bunun üçün ciddi zərurət mövcuddur. Eyni zamanda bu, ancaq İran Türkiyə və Azərbaycan arasında yarana bilər. Amma qeyd etdiyim kimi zəmin yoxdur. Çünki, İranın öz siyasəti var, Türkiyə və Azərbaycan da hərəsi ayrı-ayrılıqda fərqli siyasət yürüdür. Bu baxımdan düşünmürəm ki, bu gün mətbuatda müzakirə olunan mövzu gerçəkləşə bilsin”.
Z.Əlizadə hesab edir k, regionda birliyin formalaşması üçün hər üç ölkə siyasətində dəyişiklik etməlidir: “İlk olaraq Azərbaycan daxili və xarici siyasətində kəskin dəyişiklik etməlidir. Çünki, bu cür rejimlə biz heç kimə lazım deyilik. Neftimiz, qazımız və ərazimiz hansısa ölkəyə lazım olsa da, heç kim belə bir rejimlə hansısa birlikdə olmağı arzulamaz. İlk növbədə heç Azərbaycan xalqına da lazım deyil. İrana gəldikdə, onların apardığı siyasət Qərb ölkələrini kəskin qıcıqlandırır. Türkiyənin də ciddi problemləri var. Unutmaq lazım deyil ki, nəzərdə tutulan birlik yalnız Qərbin istədiyi ölkələrlə mümkündür”.
Belə bir birlik regionda hansı dəyişikliyə səbəb ola bilər – sualına gəldikdə, politoloq bildirdi: “İlk növbədə təhlükəsizlik və sülh möhkəmlənəcək, mövcud münaqişənin həlli sürətlənəcək və xarici qüvvələrin regiona qarşı hədələrinə son qoyulacaq. Eyni zamanda dünya güclərini qıcıqlandıran amillərin qarşısı alına bilər”.
Bu ehtimal reallaşacağı təqdirdə, Rusiya o qədər də təsir edə bilməz. Amma Amerika bir dövlət olaraq ciddi təsirlər göstərəcək - Z.Əlizadə bildirdi.