Tarix : 2010 Sep 08
Kod 18909

İlham Əliyev yəhudiləri təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev yəhudilərin yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudilərini təbrik edib
Azərbaycan Servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin “Yeni Şərq”ə istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev yəhudilərin yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudilərini təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bayramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram. Bayramınız mübarək olsun”.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Sep 08