Milli Məslisin Masallıdan olan deputatı Əhəd Abıyev bu rayondan qovulub. Bildirilir ki, deputat builki parlament seçkilərinin yaxınlaşdığını nəzərə alıb seçicilərini yenidən ələ almaq istəyirmiş
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Pia.az-a istinadən verdiyi məlumata görə, Milli Məslisin Masallıdan olan deputatı Əhəd Abıyev bu rayondan qovulub. Bildirilir ki, deputat builki parlament seçkilərinin yaxınlaşdığını nəzərə alıb seçicilərini yenidən ələ almaq istəyirmiş. Belə ki, o, məqsədinə nail olmaq üçün birbaşa Masallıya üz tutur. Deputatın məqsədi seçiciləri ilə görüşmək və onların sevgisini qazanmaq imiş. Amma onun ümidləri boşa çıxıb. Lakin Masallıya gedən deputat ağır bir duruma düşüb. Əhəd Abıyevin planlaşdırması ondan ibarət imiş ki, seçkiqabağı təbliğat işlərindən öncə də bir xeyirxahlıq edib seçicilərə iftar süfrəsi versin. Bundan xəbər tutan Masallının icra başçısı Qəzənfər Ağayev Abıyevə xəbardarlıq edib ki, əgər bu addımı atarsa, MSK-ya şikayət olunacaq, seçki başlamadan öncə təbliğat-təşviqat apardığı üçün cəzalandırılacaq.
Analitik İnformasiya Agentliyi bildirir ki, Masallının icra başçısı Abıyevlə heçvaxt yola getməyib. Həmçinin başçının xəbəri olmadan deputatın rayonda iftar süfrəsi açması da onun əsəblərinə toxunub. Bu məqamda isə Qəzənfər Ağayev rayonun deputatı Əhəd Abıyevi Masallıdan qovmaq göstərişi verib. Daha sonra pis duruma düşən deputat rayonu tərk etmək məcburiyyətində qalıb. Başçı isə bununla bağlı yuxarı dairələrə məruzə edəcəyini bildirib.
“Aran” İA