Tarix : 2010 Sep 12
Kod 18940

“MSD” uşaqlar üçün Ramazan bayramı keçirdi

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Uşaqlar üçün bayram şənliyi keçirildi. Tədbirdə 200 uşaq iştirak edirdi
Azərbaycan Servisi/Aran Agentliyi
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Uşaqlar üçün bayram şənliyi keçirildi. Tədbirdə 200 uşaq iştirak edirdi.
Bayram şənliyini giriş sözü ilə açan Birliyin sədri, fəlsəfə doktoru Elşən Mustafaoğlu iştirakçıları – uşaqları və valideynləri salamlayaraq bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, uzun illər mənşəyi məlum olmayan bir çox bayramlar təqvimimizdə xüsusi yer ala bilmiş, süni şəkildə mədəniyyətimiz öz ruhuna yad olan istiqamətlərə yönəldilmişdir. Ölkəmizin müstəqillik qazanması ilə öz milli-mənəvi dəyərlərimizi, dini ənənələrimizi bərpa etməyə, dirçəltməyə imkan əldə edilmişdir. Hazırda keçirdiyimiz bu bayram şənliyi uşaqlarımız üçün bu miqyasda təşkml olunan ilk Ramazan bayramlarındandır. Həm ölkəmiz üçün, həm də bütün dünya üçün yeni bir hadisədir. Ümid edirik ki, ruhumuza doğma olan bu ilahi bayram mədəniyyətimizin tərkib bir hissəsi kimi hər il daha geniş keçiriləcək. Hətta digər müsəlman ölkələri üçün də gözəl bir örnək olacaq. Birliyimiz bu yolda ilk addım atmış bir təşkilat kimi qürur hissi duyur və gələcəkdə belə tədbirlərin birgə keçirilməsi üçün əziz müsəlman bacı və qardaşlarımıza, imkanı və istəyi olan hər bir vətəndaşımıza öz dost əlimizi uzadaraq onları əməkdaşlığa dəvət edirik.
Sonra meydan uşaqların şənləndirilməsinə verildi. Məktəblilərin ifasında səhnələşdirilmiş ibrətamiz tamaşalar, şerlər və s. hikmətli çıxışlar nümayiş etdirildi. Bayram tədbirinin ən unudulmaz anlarından biri də Şənliyə Ramazan Babanın qatılması oldu. O, Ramazan ayının fəziləti, savabı barədə şirin söhbətlərilə uşaqların böyük sevincinə səbəb oldu. Yeni personaj kimi artıq yeni tariximizə düşmüş, özündə mənəvi dəyərləri təcəssüm etdirən Ramazan Baba kiçik dostlarına ata-anaya, böyüklərə hörmət və qayğı göstərməyi, mənəviyyatlı olmağı nəsihət etdi, müdrik kəlamları ilə Bayram Şənliyinə sevinc qatdı.
Şənlikdə uşaqların iştirakı ilə müsabiqələr, oyunlar keçirildi, qaliblərə hədiyyələr verildi. Tədbir gözübağlayıcının fokuslarının müşayəti ilə keçirildi. Ramazan bayramına həsr olunmuş şənlikdə “Nur” ilahilər qrupu, eləcə də ilahi mahnıların ifaçısı Hacı Rəşadın ifasında mahnılar səsləndirildi. Bayram şənliyinin sonunda Ramazan Baba uşaqlara Ramazan sovqatlarını təqdim etdi.
Bayram şənliyi ilə yanaşı “İnsani Yardım Kampaniyası” çərçivəsində xeyriyyə sərgisi də təşkil olundu.
  • Yazılıb
  • da (də) 2010 Sep 12