Tarix : 2010 Sep 12
Kod 18941

Leysan yağışlar Azərbaycanı silkələdi

Əhali təhlükəsiz yerə köçürülür
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, sentyabrın 9-dan başlayan aramsız yağışlar Azərbaycanın cənub bölgəsində sellə, digər bir çox bölgələrdə də yolların suya bürünməsilə nəticələnib. Azərbaycan mənbələrindən yayılan xəbərlərdə bildirilir ki, Lerik rayonunda intensiv yağan yağışlar dağ çaylarında suyun artmasına və daşqınlara səbəb olub. Nəticədə Lerikdəki çaylar məcrasından çıxıb. Sel suları həyati əhəmiyyətli Lənkəran-Lerik yolunda hərəkətin dayanmasına səbəb olub. Yolun bir hissəsinin uçqun nəticəsində bağlanması sakinlər üçün problemlər yaradıb. Səhərə yaxın Lənkəran-Lerik yolu Lənkərandan gələn ağır texnikanın köməyi ilə müvəqqəti də olsa açılıb, gediş-gəliş bərpa olunub.
Lerikdə yağış əvvəlki intensivliyi ilə olmasa da bu saatlarda da davam edir. Lerik rayon Fövləqadə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikovun verdiyi məlumata görə, rayonda son onilliklərdə belə güclü yağış yağmayıb. İki gün ərzində dağ çaylarında suyun səviyyəsi kritik həddə çatıb.
Lerikdə dağ çaylarında suyun artması cənub bölgəsinin ən böyük rayonu - Lənkəranda da fəsadlar yaradıb. Lerikdən gələn çayların axdığı Lənkəran çayında axşam saatlarında suyun səviyyəsinin birdən-birə 3 metrdən çox qalxması ilə nəticələnib. Lənkəran rayon icra hakimiyyəti başçısının 1-ci müavini, rayon FHK sədri İlqar Dadaşov bildirib ki, Lənkəranda sel təhlükəsi ilə bağlı kritik vəziyyət yaranıb. Lənkəranın dəniz kənarındakı çay sahili kəndlərində 100-dən çox evin həyətində 1 metrdən çox su yığılıb. Gecə ilə Lənkəran şəhər İcra Hakimiyyəti həmin ərazidən əhalinin təhlükəsiz yerə köçürülməsini təmin edib. Eyni zamanda əhalinin mal-qarası da ərazidən çıxarılıb.
Ən çox ziyan çəkən kəndlərdən biri rayonun Lənkəran çayı kənarında yerləşən Sutəmurdov kəndi olub. Sutəmurdov kəndi üzrə ərazi icra nümayəndəsi Rəvan Şükürov bildirib ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə axşam saatlarından səhər saatlarına qədər Sutəmurdov körpüsündə nəqliyyatın və əhalinin hərəkəti dayandırılıb. Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşovun verdiyi məlumata görə isə səhər saat 7-yə qədər Lənkəran çayında suyun səviyyəsi təxminən 1 metrdən çox aşağı düşdüyündən körpüdə hərəkət bərpa edilib.
Lənkəran şəhərində Cavanşir, Vidadi küçələrində 10-larla evin həyəti su altındadır və sakinlər gecə ilə evlərindən köçürülüb. Rayonun Kosalar, Velədi, Yuxarı Nüvədi, Əşlə, Siyobili, Rvo, Təngərud kəndlərində də 10-larla ev su altında qalıb.
Sel Astara rayonuna da ziyan vurub. Rayon FHK-nın sədri Məzahim Hüseynovun verdiyi məlumata görə, rayondakı dağ çaylarında suyun səviyyəsi kəskin şəkildə qalxıb. Nəticədə Astara çayı məcrasından çıxaraq Rüdəkənar kəndi istiqamətində 10-larla həyəti basıb, sel suları evlərə də dolub. Sel dağ yollarında gediş gəlişi çətinləşdirib.
Hazırda bölgənin bütün rayonlarında yağış yağır. Rayonların enerji təminatında fasilələr var. Kəndlərdə axşam saatlarından elektrik enerjisi yoxdur.
Gecə yağan yağışlar paytaxt Bakının da bir çox küçələrini su altında qoyub. Bir sıra yollar keçilməz vəziyyətə düşüb. Ölkə KİV-ləri şəhər rəhbərliyini yağış mövsümünə lazımi hazırlıq görməməkdə suçlayır.
Qeyd edək ki, eyni hal respublikanın digər şəhərlərində də müşahidə olunur.
Yağışların sentyabrın 13-nə qədər yağacağı bildirilir.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 12