Tarix : 2010 Sep 12
Kod 18952

İmişli sakinləri seldən çıxmamış yağmura tutuldular

Onlara həm təbiət zülm edir, həm də...
Azərbaycan Servisi/Aran Agentliyi

İmişli rayonunda sel-suları nəticəsində evləri bərbad vəziyyətə düşən əhalinin problemi hələ həll olunmayıb. Bu barədə rayon sakinləri bildiriblər.

Rayonun Heydər Əliyev prospekti döngə 6 ünvanında yaşayan Zakir Əzimov təbii fəlakətdən sonra, may ayından bəri evlərinin yaşayış üçün yararsız hala düşdüyünü bildirib. “Sel-suları evimizi pis günə qoydu. Hava isti olduğundan birtəhər dözürdük. İndi havalar soyuyub. Evdə yaşamaq mümkün deyil. İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən gəlib evə baxış keçiriblər. Amma artıq 7 aydır ki, heç bir tədbir görülmür. Qalmışıq naəlac”, - deyə Zakir Əzimov qeyd edib.

Digər şikayətçi Qadir İsmayılzadə küçəsi 150 ünvanında yaşayan Züleyxa Fərəcova da təbii fəlakətdən sonra evlərinin bərbad vəziyyətə düşdüyünü bildirib. “Evimiz sular altında qaldı və bərbad vəziyyətə düşdü. Su çəkildi, lakin onun fəsadları aradan hələ də qaldırılmayıb. Hətta komissiya da evimizə baxış keçirtdi. Amma, hələ bir tədbir görülməyib. Vəziyyət getdikcə pisləşir. Yaşamaq daha da ağırlaşır”, - deyə Züleyxa xanım şikayətləndi.

Məsələ ilə əlaqədar İmişli rayon İcra Hakimiyyətinin əraziyə nəzarət və idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev məsələdən xəbərdar olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda FHN-nin təşkil etdiyi komissiyanın rayonda olmaması üzündən təmir işləri bir az gecikdirilir. “Hazırda problemlə əlaqədar tədbirlər görülür. Rayonda 500 yeni mənzil tikilir, 300-ə yaxın mənzilin isə təmir ediləcəyi nəzərdə tutulub. Amma, hazırda rayonda komissiya heyyəti olmadığı üçün işlər dayandırılıb. Komissiyanın nə vaxt qayıdacağı hələ məlum deyil”, - deyə Mirzə Quliyev vurğuladı.  \ans\

Artıq istilərin soyuqla, hətat yağışla əvəzləndiyi bir zamanda sakinlərin nə yaşamağa yeri, nə gözləməyə imkanı, nə də gələcəyə ümidləri qalıb. Üstəlik rəsmilər də, problemlərə nə vaxt son qoyulacağını bilmir. Bəs belə olan halda sakinlər nə etsin? Bu suala isə nə biz, nə sakinlər, nə də ki rəsmilər cavab tapa bilmir.

  • Yazılıb
  • da (də) 2010 Sep 12