Həbs edilən Gəncə şəhər sakinləri polis bölmələrində olarkən təzyiq və təhqilərə məruz qalıb
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən gün ölkənin müxtəlif bölgələrindən Bakıya gələrək, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlanıldığı müvəqqəti saxlama təcridxanasının qarşısında onu gözləyən ictimaiyyət nümayəndələrinin polis tərəfindən həbs olunması barədə sizlərə məlumat verilmişdi. FaktXeber.com-un bölgə müxbirinin verdiyi məlumata görə, Bakıda həbs olunan 30-a yaxın Gəncə şəhər sakinləri sentyabr ayının 11-i gecə saatlarında yaşadıqları şəhərə aparıldıqdan sonra, onlara qarşı yaşadıqları Gəncə şəhərində təzyiq dalğası başlayıb. Bakıda saxlanılanlar Gəncə şəhərinə gətirildikdən sonra, onları müvafiq olaraq Kəpəz və Nizami rayonlarında yerləşən polis bölmələrinə aparıblar.
Verilən məlumata görə, hər iki polis bölməsində olan Gəncə şəhər sakinləri, orada polis əməkdaşlarının amansız rəftarına məruz qalıblar. Saxlanılan şəhər sakinlərinin dindarlar olması, polis əməkdaşlarının onlara daha da artıq təzyiq etməsinə səbəb olub.
FaktXeber.com-un bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarında yerləşən polis bölmələrində saxlanılan dindarlar, bölmədə olarkən polis əməkdaşları tərəfindən ağır bədən xəsarətləri alıblar. Polis əməkdaşlarının şəhər sakinlərini döyməsinə səbəb isə, onların Bakıda qarşılama mərasimində iştirak etməsi olub. Nəzərinizə çatdıraq ki, hər iki polis bölməsində qanunsuz olaraq döyülən və polis əməkdaşlarının təhqirinəə məruz qalan Gəncə şəhər sakinləri, sentyabr ayının 12-i gecə saatlarından etibarən müəyyən pul müqabilində azad olunmağa başlayıblar.
Xatırladaq ki, Bakı şəhərində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlanıldığı müvəqqəti saxlama təcridxanasının qarşısında onu gözləyən ictimaiyyət nümayəndələri arasında Abbasov Ramil adlı ruhani də olub. O, Bakıda 30-a yaxın ictimaiyyət nümayəndələri ilə birlikdə həbs olunduqdan sonra, Gəncə şəhərində yerləşən Kəpəz rayonunun polis bölməsin gətirilib. Polis bölməsində olarkən Gəncə şəhərinin tanınmış ruhanisi Ramil Abbasov da digərləri kimi polis əməkdaşlarının təhqiri və təzyiqlərinə məruz qalıb. Verilən məlumata əsasən, Ramil Abbasova polis bölməsində olarkən təzyiq olunması barədə Gəncə şəhər polis idarəsinin rəhbərləri təlimat verib. Təlimat əsasında hətta polis əməkdaşları keçmiş üsullardan istifadə edərək, Ramil Abbasovun üzünə dayanan bir nəfəri gətiriblər. Son məlumatlara əsasən, Gəncə şəhərinin Kəpəz və Nizami rayonunda saxlanılan yerli sakinlər polis tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra azad ediliblər. Azad olunanların arasında şəhərin tanınmış ruhanisi Ramil Abbasov da var.
Aldığımız son məumata görə, dünən azad olunan Gəncə şəhər ruhanisi Ramil Abbsov bu gün yenidən şəhər polis idarəsinə çağırılıb və onun sərbəst buraxılması müqabilində 500 manat tələb olunub.