Azərbaycan Servisi/Aran Agentliyi
Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Lö Ueru (Philippe Le Houérou) Azərbaycanda səfərdədir. Dünya Bankının Bakı ofisinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək səfərin məqsədi Azərbaycandakı sosial-iqtisadi inkişafla tanış olmaq, ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr aparmaqdan ibarətdir.
Azərbaycanda olduğu müddətdə Lö Uerunun Azərbaycan prezidenti İlham Əliyev, hökumətin yüksək səviyyəli nümayəndələri ilə görüşəcəyi, Dünya Bankının dəstəklədiyi iki layihə - Pensiya və Sosial Müdafiə və Ədliyyə Sisteminin Modernləşdirilməsi layihələrinin icrası ilə tanış olacağı gözlənilir.
“Dünya Bankının 2011-2014-cü illəri əhatə edəcək Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyası rəqabət qabiliyyətli qeyri-neft iqtisadiyyatını formalaşdırmaq və daha səmərəli sosial və kommunal xidmətləri göstərmək üçün zəruri olan əlavə vəsaiti və məsləhət xidmətlərini təmin etməsi nəzərdə tutulur”, - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.
Qeyd edək ki, DB hazırda ölkədə ümumi dəyəri təxminən 2 milyard dolları təşkil edən 20 layihəni maliyyələşdirir. Bu layihələr nəqliyyat, su və kanalizasiya, kənd təsərrüfatı və suvarma, səhiyyə və təhsil kimi sahələri əhatə edir.