Tarix : 2010 Sep 13
Kod 18959

HACI İLQAR İBRAHİMOĞLU SEÇKİLƏRLƏ BAĞLI MÖVQEYİNİ AÇIQLADI

DEVAMM sədri: “Azərbaycana vətəndaşların seçdiyi parlament lazımdır”
Azərbaycan Servisi/Aran Agentliyi
Parlament seçkiləri artıq ölkənin gündəmində aparıcı mövzuya çevrildiyindən təbii ki, istənilən müsahibimizlə söhbətdə seçki məsələsi prioritet olur. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiəsi Mərkəzinin (DEVVAM) rəhbəri Hacı İlqar İbrahimoğlu ilə söhbətimizdə də seçkidən bəhs etdik. Maraqlıdır, kifayət qədər məşhur sima olan, dünyanın 500 məşhur müsəlmanları siyahısına artıq ikinci dəfə adı salınan Hacı İlqar Azərbaycandakı seçki kampaniyasında hansı şəkildə iştirak etmək niyyətindədir?
Ümumiyyətlə, DEVVAM sədri parlament seçkilərində namizəd kimi iştirak etmək barədə düşünürmü? İlk suallarımıza cavabı belə oldu:
- Bu mövzu ilə bağlı bir neçə müddət öncədən fikirlərimi mətbuat vasitəsilə ictimaiyyətlə bölüşmüşəm. Builki seçkilərdə namizəd kimi iştirak etməyəcəyəm. Səbəbləri isə bir tərəfdən ölkədə gerçək siyasi mühitin olmaması, digər tərəfdən ictimai rəyə təsir imkanlarımızın onsuz da az olmaması ilə bağlıdır. Buraya onu da əlavə edim ki, namizəd kimi qatılmamağımıza bir səbəb kimi, dostlarımıza daha rahat kömək etmək üçün əl-qolumuzun açıq olmasını da göstərmək olar.
- Seçkilərdə dini cameəni hansı namizədlərə səs verməyə çağıracaqsınız? Qəzetimizin baş redaktoru Rauf Arifoğluna dəstək kampaniyasına qatılacaqsınızmı?
- Mən ölkənin dini cameəsini ümumi toplumdan ayırmağı doğru saymıram. Mesajlarımız da heç zaman xüsusi olaraq bu kimi ayrılmış istiqamətdə yönəlməyib. Hər zaman Azərbaycan insanını muhattabımız və müraciət ünvanımız olaraq görmüşük. Təbii ki, xalqımızın böyük əksəriyyəti inanclı olduğundan, mesajlarımızın və müraciətlərimizin ünvan radiusunun nə qədər geniş olduğunun fərqindəyik. Bunun da məsuliyyətini hər zaman dərk etməyə çalışmışıq. “Rauf bəyə dəstək kampaniyasına qatılacaqsınız” sualını isə doğru qoyulmuş hesab etmirəm. Belə ki, söhbət qatılmaqdan gedə bilməz. Rauf bəyin namizədliyinin irəli sürülməsini ən çox arzu edənlərdən olmuşuq. Bu istiqamətdə ilk gündən müzakirələrimiz olub. Qısa ifadə etsəm, bunu söyləyə bilərəm ki, bu seçkidə birinci və ən əsas dəstəkləyəcəyimiz namizəd - dəyərli dostum Rauf bəydir. Onu da xüsusi olaraq vurğulayım ki, bu, sadəcə bir dəstək deyil, sözün tam mənasında bu dairədə öz namizədliyimin verilməsi qədər əhəmiyyətli bir mövzudur. Yəni Rauf Arifoğlunun namizədliyinə öz namizədliyim kimi yanaşıram. Məncə, bu, çox aydın mesajdır.
- Seçki prosesində başqa hansı formada iştirak etməyi planlaşdırırsınız? Hansısa seçki blokuna aktiv dəstək verəcəksinizmi?
- Rauf bəyin namizədliyi ilə bağlı dedim. Başqa dəstəklərimiz də olacaq. Xüsusi olaraq hansısa bloku dəstəkləmək planlarım yoxdur. Yəqin ki, yaxın günlərdə dəstəkləyəcəyimiz namizədlərin siyahısının ilkin tərkibini ictimaiyyətə təqdim edəcəyik. Ola bilsin ki, seçkiyə qədər bu siyahıda tərkib bir az da artsın. Meyarımız da kifayət qədər dəqiqdir. Son beş ildə ölkənin taleyüklü məsələlərində, xüsusən də İslamla və Qarabağla bağlı məsələlərdə ardıcıl mövqe sərgiləyən, insan haqları, vətəndaş cəmiyyəti, demokratiya kimi mövzulara prioritet kimi yanaşan, real seçilmək şansı olmaqdan ibarətdir.
- Budəfəki seçkilərin ötən ilki seçkilərdən fərqli şəkildə keçiriləcəyini düşünürsünüzmü? Sizcə, beynəlxalq çağırışlar seçkilərin nisbətən demokratik keçirilməsinə təkan verə bilərmi?
- İstənilən seçki demokratik imkanların yaranması deməkdir. Bunun baş verməsi bir çox amillərə bağlıdır. Bunlar bəzən gözlənilmədən də baş tutur. Bu mənada hər kəs bu prosesə öz tövhəsini verməlidir.
- Demokratik düşərgədə gedən inteqrasiya proseslərini necə dəyərləndirirsiniz?
- Müsbət dəyərləndirirəm.
- Sizcə, Azərbaycana hansı tərkibdə parlament gərəkdir? Konkret olaraq kimləri Milli Məclisdə görmək istərdiniz?
- Azərbaycana insanlarımızın, vətəndaşların seçdiyi parlament gərəkdir. Konkretlik qeyd etdiyim yaxın vaxtlarda açıqlanacaq siyahıda olacaq.
E.PAŞASOY
 
  • Yazılıb
  • da (də) 2010 Sep 13