Tarix : 2010 Sep 13
Kod 18967

Bayram övqatını pozan həbslər…

.
Azərbaycan servisi/Aran agentliyi
Əsrlərdən bəri xalqımız arasında formalaşmış və oturuşmuş gözəl bir ənənə var - əziz bayram günlərində küsülülər barışır, kin-küdurətlər kənara qoyulur, olub-keçənlərə güzəşt edilir. Xüsusilə, Ramazan bayramında! Axı bu bayram ilahi qaynağa söykənir. Ramazan bayramında insanlar bir-birilə sevinc hisslərilə bölüşür, bayramlaşır, doğmalaşır. Amma bu, heç də hamıya aid deyil. Əfsus! Elə hallar da baş verir ki, bayram övqatını pozur, onun çirinliyinə bir acılıq gətirir sanki. Amma, ilahi mənşəyi olan Ramazan kimi böyük bayramın işığı, nuru əlbəttə bu hallardan daha üstün, daha ucadır. Onun ucalığı bu cılız halları asanlıqla üstələyir!..
Bu ilki Ramazan bayramı da bəzi xoşagəlməz hallarla qarşılaşdı. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov bir neçə dindar vətəndaşımızla birlikdə bu gözəl bayramı məhbəsdə keçirməli oldu. Suçları da Beynəlxalq Qüds Günündə İsrailin fələstinlilərə qarşı həyata keçirdikləri zülmkarlığa etiraz etmələri olmuşdur. İsrailə qarşı dinc etiraz aksiyası keçirmək sən demə, cinayət hesab edilirmiş. Hər halda, olan olub, keçən keçmişdi və bayramın səhərisi gün - 11 sentyabrda Hacı 8 gün qaldığı məhbəsdən azad edilirdi. Onun azad olunmasına sevinən 200-ə yaxın vətəndaş Hacı ilə bayramlaşmaq və ona öz ehtiramlarını, sevgilərini izhar etmək üçün məhbəsin qarşısına toplaşdı. Amma nədənsə polis əməkdaşları onların bu xoşniyyətli əməllərinə də xor baxdı. Sentyabrın 11-i axşam saatlarında Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasının yaxınlığında Hacı Mövsümü qarşılamağa gələn 50-yə yaxın dindar saxlanaraq polis bölməsinə aparıldı. Daha sonra məlum oldu ki, saxlanılanlardan təxminən 30 nəfəri Gəncə sakini, 10 nəfəri isə Yevlax sakini olduqlarından həmin rayonların polis bölmələrinə göndəriliblər, 8 nəfər isə Binəqədi rayonundakı 4, 6 və 7-ci polis bölmələrində saxlanırlar. Qəribədir ki, məhbəsdən çıxan Hacını qarşılamağa gələnlər "polisə müqavimət göstərməkdə" ittiham olunurdular.
Beləcə, bayram günlərində onlarla dindar vətəndaş günahsız ikən, çək-çevirlə üzləşdi, boşuna incidildi, bir neçısi isə hətta cərimə də edildi. Görünür, Hacı Mövsümə bəslədikləri məhəbbətə görə. Yağışlı havada yüzlərlə kilometr qət edib, Bakıya gəlib, ona öz sevgi və ehtiramını nümayiş etdirdiyinə görə. Hacıya "biz səninləyik!" mesaji verdiklərinə görə...
Bayram günləri saxlanılan dindar vətəndaşları da, onları saxlayan polis əməkdaşlarını da evdə ailələri, övladları gözləyirdi. Ramazan bayramının ab-havası ilə. Kimisi haqq, kimisi haqsız əməllərilə. Bəs bu əməllərimizin hesabı sorulmayacaqmı? Əlbəttə, sorulacaq. Özü də həm bu dünyada, həm də axirətdə. Elə isə, bir-birimizin bayram övqatını təlx etməyək. İnsanların qəlbini incitməyək, haqsız yerə ailələrin, övladların gözünü yollarda qoymayaq. Əksinə, insanları sevindirməyə çalışaq ki, Allah da qəlblərimizi sevindirsin...
 
Elmar,
“Yeni Şərq” Araşdırmalar Mərkəzi
www.yenisharq.org
  • Yazılıb
  • da (də) 2010 Sep 13