Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbdə hicablı müəllimə ilə bağlı yaranmış problem artıq həllini tapıb
Azərbaycan servisi/Aran agentliyi
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbdə hicablı müəllimə ilə bağlı yaranmış problem artıq həllini tapıb. Bu barədə ANS PRESS-ə məktəbin müəlliməsi Sevinc Hüseynovanın özü məlumat verib.
“Dünən ANS PRESS saytında işıqlanan “Abşeronda hicablı müəllimənin qarşısında şərt qoyuldu” adlı materialdan sonra direktor mənə zəng vurub, hicabla dərsə gəlməyə icazə verdiyini bildirdi. Bu gün də onun qəbulunda oldum. O artıq dərsə hicabla gələ biləcəyimi açıqladı”, - deyə Sevinc Hüseynova vurğuladı.
Xatırladaq ki, məktəbin direktoru analıq məzuniyyətindən qayıdan Sevinc Ənvər qızı Hüseynovanı hicablı olduğuna görə işdən çıxaracağı ilə hədələmişdi. Problemlə bağlı məktəbin direktoru Yusif Yusifov ANS PRESS-ə açıqlamasında həqiqətən də Sevinc xanımın işə hicabla gəlməsində problem olacağını bildirmişdi. Qanunla hicablı qadınların dərs deməsində heç bir problem olmadığını etiraf edən Yusif müəllim, nədənsə Sevinc xanımın başıbağlı olmasından narahat idi. Səbəbini açıqlaya bilməsə də, məsələ ilə bağlı rəhbərliklə məsləhətləşəcəyini bildirmişdi.
İslam-Azeri.az