Təl-Əvivdəki Türkiyə səfirliyinin qarşısında toplaşan israilli kürdlər, Türkiyəyə qarşı etiraz şüarları səsləndiriblər
Türkiyə servisi/Aran agentliyi
aktXeber.com-un İsrail mediasına istinadən verdiyi məlumata görə, ötən gün keçirilən aksiyada, "Terrorist Türkiyə, üzr istə" şüarlar səsləndirilərkən, "Türkiyə Kürd qırğınına son qoysun!", "Kurdistan welat me ya!" yazılmış plakatlar da qaldırılıb.
Qondarma Kürdüstan dövlətinin bayraqlarının dalğalandırıldığı nümayişdə edilən çıxışlarda, Türkiyənin kürdlərə qarşı hücumlarına, dünya ictimaiyyətin reaksiya verməsi istənilib, "Minlərlə ildir Mesopotamiyada yaşayan kürdlər, artıq Türkiyəyə, İrana, Suriyaya köləlik etməyəcək" ifadələri səsləndirilib.
İsrail və kürd xalqlarının dostluğunun əbədi olduğu səsləndirilən çıxışlarda, İsrail dövlətindən kürdlərin problemlərinə həssas olunması xahiş edilib.
Təl-Əvivdə yaşayan israilli kürd sənətçi Hadassa Yeshurun isə çıxışında, "Türk dövləti Kürdüstanda terror törədir, kürdləri ac saxlayır, ancaq başqası üçün köməyə qaçır" - deyə bildirib.
Xatırladaq ki, İsrailin daim PKK-çılara dəstək verdiyi ilə bağlı mətbuatda məlumatlar gedir. Bu aksiyanın özü də deyilənlərə bir daha sübutdur. Aksiyada səsləndirilən fikirlərin də kürd xalqının fikirləri deyil, məhz PKK terrorçularının tələbi olduğu açıq-aydın sezilir. Çünki şüarlarda Türkiyənin kürd qırğınına son qoyması tələb edilsə də, Türkiyənini terroru dayandırması bildirilsə də, söhbətin hansı qırğından, hansı terrordan getdiyi məlum deyil. Çünki aydındır ki, Türkiyə-PKK qarşıdurmasında Türkiyə tərəfi 30 mindən çox şəhid verib. Və neçə illərdir PKK Türkiyədə terror dalğası əsdiri. Məhz bunu nəzərə alaraq söyləmək olar ki, bu aksiya İsrail tərəfindən Türkiyəyə qarşı aparılan təzyiq siyasətinin tərkib hissəsidir. Bundan əlavə aksiyada çoxlu sayda İsrail bayraqlarının dağlandırılması da bu fikri bir az gücləndirir.