Azerbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin “Yeni Şərq”ə istinadən verdiyi məlumata görə, dünən İçərişəhər "Cümə" məscidinin dini icmasının nümayəndələri ABŞ-da Quranın yandırılmasına etiraz olaraq Bakıda yerləşən Rus Pravoslav Kilsəsi, Moskva Patriarxatı Jen-Mironosets Kafedral kilsəsinin önündə aksiya keçirib. Onlar əllərində Qurani-Kərim, gül dəstələri və Azərbaycan bayraqları tutublar.
Aksiyada İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Quranın yandırılma cinayətini terror adlandırıb və bunu törədənlərin xristianlığa heç bir aidiyyatı olmadığını bildirib. Kilsənin mətbuat katibi Konstantin Ata öz növbəsində həmin cinayəti törədənlərin heç bir dinə mənsub olmadıqlarını bildirərərək, onların əslində Allahsız olduqlarını bəyan edib.
Bununla yanaşı, Azərbaycan İslam Partiyası, Azərbaycan Fəzilət Partiyası, Azərbaycan Yaşıllar Partiyası, “Təkamül” Mərkəzi, DEVAMM, “Mənəvi Saflığa Dəvət” ictimai birliyi və sair qurumlar da Dəyirmi Masa keçirərək, Quranın təhqir olunmasına qəti etirazlarını bildirib, birgə bəyanatla çıxış ediblər.
Qafqaz Müsəlmanları İdarəsi, eləcə də bir sıra siyasi-ictimai təşkilatlar amerikalı keşişin bu üzdəniraq hərəkətini pisləyən bəyanatlar qəbul ediblər.
“Aran” İA