Tarix : 2010 Sep 18
Kod 19002

YAP-da BÖYÜK SEÇKİ ÜSYANI

Əli Əlirzayev, Aydın Həsənov, Eyvaz Qurbanov və başqa tanınmış YAP üzvləri müstəqil formada seçkiyə qatılacaqlar
Azərbaycan Servisi/Aran Agentliyi
Yeni Azərbaycan Partiyası eyni ilə Kommunist Partiyası kimi qapalı bir təşkilata xas davranış sərgiləyir. Belə ki, 2010-cu ilin parlament seçkilərində iştirak edəcək YAP namizədlərinin kimliyi açıqlanmır, hətta partiyanın fəal üzvlərinə bu haqda məlumat verilmir. Vəziyyət o yerə çatıb ki, seçkilərdə iştirak etmək istəyən YAP üzvləri artıq mərkəzin - rəhbərliyin mövqeyi ilə hesablaşmır və fərdi qaydada namizədliklərini irəli sürürlər.
Artıq 10-a yaxın YAP-çı dairələrə müstəqil qaydada müraciət edərək imza vərəqələri götürüblər. YAP-ın vahid siyahısından kənar namizədliyini verən şəxslər sırasında tanınmışlar və partiya rəhbərliyində təmsil olunan şəxslər də var.
YAP-ın keçmiş deputatı Əli Əlirzayev 34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.
O, mediaforum saytına açıqlamasında deyib ki, partiyadan YAP üzvü olan şəxslərə öz təşəbbüsləri ilə seçkiyə qatılmamaq xəbərdarlığı edilməsi barədə məlumatı yoxdur: “Kimsə nəsə deyə bilər. İnanıram ki, YAP belə qərar qəbul etməz. Heç kim mənə deməyib ki, namizədliyini irəli sürmə. Belə qərarları vardısa, əvvəlcədən elan edəydilər. Mən namizəd olmaq arzusundayam. İstəyirəm seçkiyə qatılım... YAP-ın namizədi olmayan insanlar nə etməlidir? Tək adamın imza yığması asan məsələ deyil. Sonra da deyəcəklər ki, imza toplaya bilmədin. YAP-ın siyahısına salınmasam da, namizəd olacam. Məni öldürməyəcəklər ki!”
Yeni Azərbaycan Partiyasından hazırda deputat olan Aydın Həsənov da 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürüb. Yenidən deputat olmasının onun haqqı olduğunu deyən Aydın Həsənovun sözlərinə görə, YAP-dan ona müstəqil şəkildə seçkiyə qatılmamaqla bağlı heç bir xəbərdarlıq edilməyib: “Belə bir göstəriş yoxdur. YAP kimi istəyər namizəd verər. Necə məsləhət olsa elə də edərlər. Mən müstəqil formada namizədliyimi irəli sürürəm. Bir partiyadan iki namizəd olanda nə olacaq? Seçici kimi istəyər, onu seçər. Həm də kimin nüfuzunun necə olduğu müəyyənləşər”.
Dünən Oğuz rayonundan belə bir məlumat aldıq ki, 117 saylı Oğuz-Qəbələ dairəsindən deputat Eyvaz Qurbanov da YAP-ın siyahısını gözləmədən hərəkətə keçib. Belə ki, srağagün Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Azad Əliyev büdcə təşkilatlarının rəhbərlərini bir yerə yığaraq yenidən E.Qurbanovun deputat olacağını və bunun üçün çalışmalı olduqlarını deyib.
Həmçinin sıravi YAP-çılar da yerlərdə hərəkətə keçiblər. 8 saylı Binəqədi birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü Təranə Məmmədova namizəd olmaq üçün imza vərəqələri götürüb.
62 saylı Saatlı seçki dairəsindən YAP üzvü Minayə Əliyeva da namizədliyi üçün imza vərəqələri alıb. Qeyd edək ki, Minayə Əliyeva 1995-ci ildə Milli Məclisə keçirilmiş seçkilərdə iştirak edib və deputat mandatı qazanıb.
Digər müstəqil YAP-çı namizəd Tərtərdə qeydə alınıb. 95 saylı Tərtər seçki dairəsindən YAP üzvü, “Azərittifaq”da İstehsal-Kommersiya Departamentinin rəisi olan Elçin Mahmudov imza vərəqəsi götürüb.
Həmin dairədən digər bir YAP-çı Qafar Məmmədov da imza vərəqələri alıb.
YAP isə öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərə partiyadan yeni xəbərdarlıq edib.
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bununla bağlı mediaforum saytına açıqlamasında deyib ki, partiyanın siyahısından kənar və rəhbərliyin razılığı olmadan namizədliyini irəli sürən şəxslərin hərəkətini təqdir etmirlər: “Partiyanın qərarına hörmət etməyən, namizədliyini öz təşəbbüsü ilə irəli sürən şəxslərə namizədliyini geri götürmək təklif olunacaq. Onlar bu təklifə də hörmətsiz yanaşsalar, birmənalı olaraq YAP sıralarından uzaqlaşdırılacaqlar. YAP-ın bu məsələdə mövqeyi qəti və dəyişməzdir. Şəxsin kimliyi heç bir əhəmiyyət daşımır”.
YAP icra katibinin müavini Mübariz Qurbanlı modern.az-a müsahibəsində YAP-çıların eyni dairədə namizəd olmaq istəyinə qarşı çıxıb və bu addımı kəskin tənqid edib.
Belə aydın olur ki, YAP-çılar partiya rəhbərliyində gedən intriqalardan xəbərdar olduqları üçün heç nəyə əhəmiyyət vermədən seçkilərə qatılmağa qərar veriblər. Belə aydın olur ki, hakim partiya daxilində ikitirəlik yaranıb və namizəd olmaq uğrunda gedən mübarizə üsyan həddinə çatıb. Bu üsyanın ilk nümunəsi YAP-ın siyahısı açıqlanmadan iqtidar partiyası üzvlərinin seçkilərə qoşulmasıdır.
  • Yazılıb
  • da (də) 2010 Sep 18