Ağıl olmadan Quranı başa düşmək olmaz. Hətta bəziləri Quranı oxumaqla zəlalətlərini belə artırırlar
Azərbaycan Servisi/Aran Agentliyi
Keçən cümə "Məşhədi Dadaş" məscidində Hacı Şahin Həsənlinin imamətliyi ilə Cümə namazı qılınıb.
İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, Hacı Şahin ilk xütbəsində özünü və namaz iştirakçılarını təqvaya dəvət edərək, xütbəsinə başlayıb: "İnsan ən üstün və ən mürəkkəb bir varlıqdır. Böyük-böyük alimlər insan haqqında tətqiqatlar aparıblar. Lakin onlar sonda öz acizliyini etiraf edərək insanın tam olaraq tanınmasının qeyri-mümkün olduğunu bildiriblər. İnsan həqiqətən mürəkkəbdir. Bir gün görürsən insan həvəslə ibadət edir, o biri gün sübh namazı qəzaya gedir. Bir gün şad, o biri gün qəzəbli olur. Soruşanda özü də səbəbini bilmir. Bu mürəkkəb varlığı tanıyan və ona istiqamət göstərən bir kitaba ehtiyac vardır. İnsan mürəkkəb varlıq olduğundan onun barəsində Yaradanı məlumat verməlidir. Allah Təala da Qurani Kərim göndərir və insanı tanıdır. Quran təqvalıları haqqa hidayət edən kitabdır”.
Qurani Kərimin elm olduğunu və düzgün istifadə etmək üçün müəllimə ehtiyac olduğunu deyən xətib sözlərini belə davam edib: “Ağıl olmadan Quranı başa düşmək olmaz. Hətta bəziləri Quranı oxumaqla zəlalətlərini belə artırırlar. Bu barədə Quranda da ayə vardır. Alimlərdən biri deyərdi, Quran aptek kimidir, hər kəs özünə münasib dərmanı seçməlidir. Əgər bir kəs aptekdə olan bütün dərmanları qəbul etsə, nəinki pis vəziyyətə düşər, hətta onun ölümünə də səbəb ola bilər. İnsanların əməli Qiyamətdə ağlına görə qiymətləndiriləcək”.
"Məşhədi Dadaş" məscidin İmam Camaatı xütbəsində Qurani Kərimin ABŞ-da yandırılmasını da tənqid edib. Bu addımı rəzalət adlandıran Hacı Şahin Həsənli deyib: “Bu günlərdə bizlər üçün çox ağrılı hadisə baş verdi. Özünü demokratiyanın beşiyi və tolerantlığın mərkəzi təqdim edən bir ölkədə Qurani Kərimi yandırdılar. Mən əminliklə deyirəm və and içə bilərəm ki, bu hadisənin xristianlıqla heç bir əlaqəsi yoxdur”.
Bu cinayətin arxasında üçüncü qüvvə olduğunu bildirən Hacı Şahin Həsənli bu cinayətin arxasında İsrail, sionizm olduğuna işarə edib.
“Bu iş üçüncü qüvvənin marağı ilə törədilib. Hətta xristianlar bu işi görüblərsə də, bu onların sifarişi ilə olub. Çünki onlar istəyirlər ki, dünyada sabitlik pozulsun, müsəlmanlar və xristianlar arasında münaqişə yaransın. Və bundan onlar yararlanmaq istəyirlər. Bu işi görənlər istəyirlər ki, müsəlmanlar da bu işi görsünlər ki, hər iki tərəfin başı özlərinə qarışsın. Artıq sübutlar onu göstərir ki, 11 sentyabr terroru onların öz işidir. Bu terroru törətməklə müsəlmanlarla xristianlar arasında qarşıdurma yaratmaq istədikləri kimi, Quranı da ona görə yandırıblar. İbn Əbil Hədid "Nəhcul Bəlağanın şərhi" (əhli sünnə alimi) kitabında yazır ki, İmam Əli (ə) ətir şüşəsinə bənzəyir. Necə ki, onu şəhid etdikdən sonra onun ətiri sınan ətir şüşəsindəki kimi yayıldı. Qurani Kərimdə belədir. Qurana nə qədər həqarət olunsa, Quranın daha çox ətiri yayılacaq. İnşəallah Quran dünyaya hakim olacaq, bu qüvvələr istəsələr də, istəməsələr də”.