Tarix : 2010 Sep 18
Kod 19019

“Mədəniyyət haqqında” qanun müasir tələbləri ödəmir

Məsələ ilə bağlı Milli Məclisdə müzakirələr aparılıb
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, bu gün Mədəniyyət komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirib. Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, deputatlara 2010-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsinin gördüyü işlər barədə hesabat təqdim olunub. Ötən sessiyada keçirilmiş iclaslar, qanunvericilik sahəsindəki fəaliyyətləri barədə danışan Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd edib ki, bütün bunlarla yanaşı hesabat dövründə vətəndaşlarla da fəal iş aparılıb. Komitəyə daxil olmuş 84 məktub, təklif, ərizə və şikayətə baxılıb, müvafiq tədbir görülüb.
Hesabat nəzərə alındıqdan sonra Mədəniyyət komitəsinin 2010-cu ilin payız sessiyası üçün iş planından söhbət açılıb. Məlumat verilib ki, bu sessiyada illərdən bəri üzərində iş gedən “Mədəniyyət haqqında” qanunun mükəmməl variantda müzakirəyə çıxarılmasına diqqət yönəldiləcək. Qeyd olunub ki, təxminən 10 il əvvəl qəbul olunmuş qanun müasir tələbləri ödəmir və mədəniyyət sahəsini tam əhatə etmədiyindən həmin sənədlə hazırki dövrdə mədəni prosesləri tənzimləmək mümkün olmur. Payız sessiyasının iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olan qanun layihələrinin müzakirəsi və komitə üzvlərinin parlament tədbirlərində iştirakı da nəzərdə tutulub.
İş planı təsdiqləndikdən sonra komitədə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsinə baxılıb. Layihə barədə məlumat dinlənilib və ətraflı müzakirələr aparılıb. Deputatlar müəlliflik hüququna və plagiatçılığa dair rəy və təkliflərini bölüşüblər.
Fikir mübadiləsinin yekununda gündəlikdəki məsələlərin Milli Məclisin plenar iclasının müzakirəsinə verilməsi məqsədəuyğun sayılıb.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Sep 18