Azərbaycan servisi/Aran agentliyi
“İran Dağlıq Qarabağ məsələsində əvvəldən Azərbaycanı dəstəkləyib, dəstəkləyir və bundan sonra da dəstəkləyəcək”. Bunu İranın Parlament məsələləri üzrə vitse-prezidenti Məhəmmədrza Mirtacəddini “Azərbaycan Respublikası: keçmiş təcrübələr və gələcək perspektivlər” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Biz Azərbaycanı həmişə dəstəkləmişik və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləmişik”, - deyə o bildirib.
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov isə qeyd edib ki, “İran dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə Tehranın vasitəçilik missiyasını təklif etsə də, İrəvan bunu qəbul etməyib”.
İranın Parlament məsələləri üzrə vitse-prezidenti ölkəsinin Azərbaycanla münasibətlərinə də toxunub. Onun sözlərinə görə, İranın dini baxımdan heç bir müsəlman ölkəsi ilə bü cür oxşarlığı yoxdur. Vitse-prezident iki ölkənin münasibətlərində bir sıra problemin mövcudluğunu da qeyd edib. Bu problemlərə Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi, enerji siyasətində bəzi problemlər və iki ölkənin imzaladığı hərbi müqavilələr daxildir.
Mirtacəddini müsəlman ölkələri arasında viza rejiminin ləğvi yolu ilə birləşdirilməsini vacib sayır. “İran Azərbaycan ilə viza rejimini artıq ləğv edib və bu ikitərəfli münasibətlərdə ilk belə addımdır”, - deyə İranın vitse-prezidenti bildirib. ans