Azərbaycan servisi/Aran agentliyi
YAP nəhayət, deputatlığa namizədlər siyahısını açıqladı. Hakim partiyanın uzun çək-çevirdən, söz-söhbətlərdən sonra ortaya çıxardığı siyahıya müxalif seçki bloklarının rəhbərlərinin münasibətini öyrəndik.
İsa Qəmbər: “Bu, hər hansı ölkənin hakim partiyasının siyahısına bənzəmir”
Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, bu siyahı əvvəlki seçkilərdəki siyahıdan ciddi fərqlənmir. Belə bir siyahıya bu qədər əziyyət çəkməyə dəyməzdi: “Onu demək olar ki, siyahı üçün bu qədər əziyyət çəkməyə dəyməzdi. Bu, hər hansı bir ölkənin hakim partiyasının, sıralarında 500 min üzvü, böyük ziyalı potensialı olan qüvvənin siyahısına da bənzəmir. Təbii ki, mən adları çəkilən şəxslərin hər birinin vətəndaş olaraq hüquqlarına, millət vəkili olmaq istəklərinə hörmətlə yanaşıram. Rusiyanın keçmiş baş naziri Çernomırdinin məşhur bir sözü var: ”Daha yaxşısını istəyirdilər, amma elə həmişəki şey alındı." Bu baxımdan təsirli bir siyahı deyil. Amma biz bu siyahını ciddi araşdırırıq. Müxtəlif parametrlər, meyarlar üzrə təhlil edirik".
İsa Qəmbər bildirdi ki, əvvəldən də siyahı ilə bağlı xüsusi gözləntiləri olmayıb: “Sadəcə olaraq söhbət gəzirdi ki, xeyli yenilənmiş bir siyahı təqdim olunacaq. YAP-ın tərəfdarı olan və ya bu partiyanın öz tərəfinə çəkməyə nail olacağı ziyalılar təqdim olunacaq. Yəni bu baxımdan o qədər ciddi təsir göstərən siyahı deyil. Amma aralarında, təbii ki, bizim də tanıdığımız, hörmət etdiyimiz insanlar var. 2005-ci ilin seçkilərində öz dairələrində normal nəticə göstərən insanlar da var. Yəqin ki, 2010-da da siyahıdakı bəzi adamlar bəzi dairələrdə ciddi kampaniya aparıb seçicilərin səsini toplamağa cəhd göstərəcəklər. Bunu bizim blokun namizədləri də nəzərə almalıdırlar”.
Əli Kərimli: “Xalqdan səs almağa şansı olan namizədlər tapmağa çətinlik çəkiblər”
AXCP sədri Əli Kərimli də YAP-ın namizədlər siyahısını zəif hesab edir. “Azadlıq” qəzetinə açıqlamasında Əli Kərimli deyib ki, bu siyahı YAP-ın etirafına bənzəyir: “YAP-ın hazırda parlamentdə təmsil olunan 18 deputatı yenidən namizəd kimi irəli sürməməsinin özü bir etirafdır. Bu onun etirafıdır ki, YAP-da da həmin şəxslərin xalqın səsi hesabına seçilmədiyini qəbul edirlər. Onların parlamentdə təmsil olunması məhz YAP-ın, Prezident Administrasiyasının siyahısına düşmələri ilə bağlı olub. Dünyanın heç yerində belə təcrübə yoxdur ki, həqiqətən sərt mübarizədə yerlər əldə etmiş parlamentarlara partiyanın adından yenidən namizəd olmağa imkan verilməsin. YAP rəhbərliyi cəmiyyətə mesaj verir ki, partiya təmsilçiləri xalqın seçimi ilə seçilmir, önəmli olan onun seçimidir”.
AXCP sədrinin fikrincə, bu siyahı ilə bağlı yaranan daha bir təəssürat odur ki, hazırkı hakimiyyətin siyasi prosesləri məhdudlaşdırmaq siyasəti bumeranq kimi özünə qayıdır. Artıq YAP-da irəli sürülmüş namizədlərin içində siyasətçilər azlıqda qalıb: “Namizədlərin böyük əksəriyyəti bu və ya digər dövlət vəzifələrində çalışan, əslində peşəkar siyasətçi kimi tanınmayan məmurlardır. YAP onları millət vəkilliyinə namizəd kimi təqdim edib. Deməli, siyasi proseslərin məhdudlaşması, açıq media, diskussiya, polemika mühitinin olmaması YAP-ın özünə də zərbə vurub. Partiyanın kadr potensialı zəifləyib. Yetişmiş, formalaşmış millət vəkilliyinə layiq olan, xalqdan səs almağa qadir olan namizədlər tapmağa çətinlik çəkiblər. Əsasən büdcə təşkilatlarında vəzifə tutan məmurları namizəd kimi irəli sürüblər. Siyahı olduqca zəifdir. Bu qədər iqtidarda olasan, bu qədər geniş media resurslarına sahib olasan, ölkənin siyasi həyatında belə hegemon mövqeyin ola, amma ölkə miqyasında qəbul olunan, tanınan, rəğbətlə qarşılanan adamlar tapmağa çətinlik çəkəsən? Bax bu, avtoritar rejimin mahiyyətidir. Çox təəssüf ki, bu dəfə də adamların daha çox inzibati resurslar, hakimiyyətin saxtakarlığı hesabına millət vəkili təyin edilməsinə üstünlük verilir. Bu siyahıda hələ 2005-ci ildə ”Azadlıq" blokunun namizədlərinə birmənalı şəkildə uduzmuş şəxslər var. Həmin şəxslərin seçkidə uduzduğu halda yenidən namizəd kimi göstərilməsi onun etirafıdır ki, xalqın səsi ilə hesablaşmaq fikirləri yoxdur".
Ə.Kərimlinin sözlərinə görə, bu dəfə YAP daha passiv millət vəkillərini dəyişdirməyə cəhd göstərib: “Qeyri-populyar, YAP-ın etimadını doğrultmayan adamları dəyişmək tendensiyası var. Amma bütövlükdə islahat, ciddi dəyişiklik istiqamətində addım atılmayıb. Yeni, parlaq, cəmiyyət tərəfindən rəğbətlə qarşılanan adamları cəlb etməyiblər”.
Mirmahmud Mirəlioğlu: “Hakimiyyət parlamentə yeni simalar gətirmək istəyir”
KXCP sədri Mirmahmud Mirəlioğlu isə YAP-ın siyahısı ilə ciddi maraqlanmadığını və bu səbəbdən də siyahı ilə şəxsən tanış olmadığını bildirdi: “YAP-ın siyahısının marağında olmamışam. Mən hazırda 42 saylı dairədə namizədliyim üçün imza toplamaqla məşğulam. YAP-ın siyahısı haqqında dostlar mənə ümumi məlumat veriblər. O siyahının necə olmasının mənim üçün ciddi əhəmiyyəti yoxdur. Bu, YAP-ın özünü maraqlandırmalıdır. Əgər hakimiyyətin Azərbaycanın gələcəyi ilə bağlı müsbət ciddi fikirləri varsa, seçkinin demokratik keçirilməsinə əngəl olmamalıdırlar. Əsas məsələ budur”.
M.Mirəlioğlu YAP-ın 42 saylı dairədən irəli sürdüyü namizədi - Rafiq Dəmirovu yaxından tanımadığını dedi: “Onu bu yaxınlarda bir məclisdə görmüşəm. Bu dairəyə gəlib, xoş gəlib. Onu özümüzə görə qarşılayacağıq, özünə görə də yola salacağıq. Siyahı onu göstərir ki, hakimiyyət parlamentə yeni simalar gətirmək istəyir. Həmin yeni simaların əksəriyyəti isə qanun yaradıcılığı ilə məşğul olmayan, bu sahəyə yad adamlardır”.
İqbal Ağazadə: “Siyasətdə olmayan adamların siyahıda yer aldığı görünür”
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, onlar seçki strategiyalarını YAP-ın siyahısı üzərində qurmurlar. Ona görə də YAP-ın siyahısı “Qarabağ” bloku üçün o qədər də əhəmiyyətli olmayıb: “Amma hər halda maraqlı siyahıdır. Qadınların, tanınmayan, siyasətdə olmayan adamların siyahıda yer alması görünür. Bu, yeni yanaşmadır.”
İ.Ağazadə ona alternativ olan YAP-çını tanımadığını dedi.
Sərdar Cəlaloğlu: “Bu, hakimiyyətin seçilməsini istədiyi adamların tam siyahısı deyil”
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, siyahı YAP-da inkişafın olmadığını göstərir: “30-dan yuxarı eyni adamın hər dəfə namizədliyinin irəli sürülməsi o partiyada inkişafın olmamasını göstərir. Siyahıdan görünür ki, YAP illərdir yürüdülən siyasi xətti dəyişmək istəmir. Mən hesab edirəm ki, əslində bu siyahı bir şirmadır. Bu siyahı hakimiyyətin seçilməsini istədiyi adamların tam siyahısı deyil. İki bu qədər adam da bitərəf kimi seçkiyə qatılacaq. Hakimiyyət də daha çox onların qalib gəlməsinə çalışacaq. YAP-ın siyahısında bu partiyaya səs gətirəcək nüfuzlu adamlar yox dərəcəsindədir”.
S.Cəlaloğlu hakim partiyanın ona alternativ namizədini tanımadığını dedi.