Azərbaycan Servisi/Aran Agentliyi
Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universitetinin (ABU) lisenziyasını ləğv etməsi burada təhsil alan tələbə və onların valideynlərinin narazılığını son həddə çatdırıb. Onlar ABU rəhbərliyi tərəfindən aldadıldıqlarını bildirərək haqlarının bərpasını tələb edirlər.("Bizim Yol") Bu günə qədər tələbələr, məzunlar və valideynlər Prezident Administrasiyası, Milli Məclis, Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Dünən də tələbələrin planı Heydər Əliyev Fondunun qarşısına toplaşmaq oldu. Bu dəfə bölgələrdən gələnlər çoxluq təşkil edirdilər. ABU-nun qarşısına səhər saatlarında 200-ə qədər tələbə, məzun və valideynlər toplaşmışdı. Bu dəfə də onların arasında fikir ayrılığı oldu. Bəziləri aksiyaların nəticələrinin olmamasından, digərləri ünvanladıqları şikayət ərizələrinin hələ də cavabsız qalmasından narazı olduğunu, bundan sonra mübarizənin nəticəsiz olacağını deyirdi. Bir qrup tələbələr isə Heydər Əliyev Fondunun təhsilə, mədəniyyətə dəstək olduğunu əsas gətirərək onların pozulmuş təhsil hüquqlarının bərpa olunmasına yardımçı olacağını bildirirdilər.
Tələbə: "Yaxşı ki,ABU-nu bağladılar"
Bədən tərbiyə və idman fakultəsinin 4-cü kurs tələbəsi Faiq Bağırov deyir ki, ABU-nu bağlamaqla bağlı qərarları çox gec olsa da, düz elədilər. "Burada əxlaqsızlıq var idi. Biz tələbələr uduzduq. Ümumiyyətlə, Azərbaycan gəncliyi qalibiyyət qazandı. Rüşvətlə, əxlaqsızlıqla yaşamaq nə qızların, nə də oğlanların başını heç vaxt uca etməyəcəkdi. Tələbələrin pulu ilə müəllimlər özlərini, həyat yoldaşlarını, qızlarını saxlayırdılar. Ayıb olsun. Kimsə mənə sual verər ki, niyə rüşvət verirdin, sən ki, bilirdin rüşvət vermək yaxşı deyil? Cavabını belə verərdim: … yanına gedib, ondan pulsuz ayrılmaq hamı üçün asan olmur!"
Nazirliyin özünü sudan quru çıxarmasının gülməli olduğunu bildirən F.Bağırov dedi ki, Təhsil Nazirliyinin fəaliyyəti rüsvayçılıqdan başqa bir şey deyil.
"Təhsil Nazirliyinin özünün fəaliyyətini dayandırmaq lazımdır"
Valideynlər deyir ki, nazirliyin fəaliyyəti qənaətbəxş deyil: "ABU-nun bağlanması bir şou idi. Yəni nazirlik göstərmək istədi ki, biz rüşvətə, qeyri-qanuni fəaliyyətə"yox" deyirik. Əgər belə deyilsə, ABU-nun ardınca universitetlər bağlansın. Onda görək Azərbaycanda ali məktəb, eləcə də orta məktəb və təhsillə bağlı hökumət və qeyri-hökumət təşkilatları, başda nazirlik olmaqla belə bir struktur olacaqmı?! Qohumlarımız, yaxınlarımız var ki, ABU-nun Moskva filialından Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülüblər. Niyə onların köçürülməsi qanuni hesab olunur, təhsil hüququ tanınır, amma ABU-ya köçürülənlərin hüququ tanınmır. Ora Misir Mərdanov heç nə edə bilmir. Ona görə ki, həmin dövlət universitetinin rektoru Şəmsəddin Hacıyev Milli Məclisdə Təhsil Komissiyasının sədridir. Təhsil dövlətin özəyidir. Bu və digər qanunsuzluğa görə nazirliyin özü bağlanmalı, ya da rəhbərlikdən ta aşağı vəzifəli şəxslərə qədər olanları vəzifələrindən kənarlaşdırmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Nazirliyin İcra Aparatının baş məsləhətçisi İlyar Vahabov valideynlərin, tələbələrin hissləri ilə oynayır. Bütün aksiyalarda etirazçıları gülə-gülə "qanundan-qaydadan" danışaraq yola verir. Bildiyimizə görə, o, nazirlikdə özəl universitetlər üzrə rəhbər şəxsdir. Elə bu məsələdən də sonra dərhal onu vəzifəsindən kənarlaşdırmaq lazımdır".
"İlyar Vahabov yalan danışmaqdan utanmır"
Maliyyə-kredit fakültəsinin tələbəsi Aysəddin Nəsirov deyir: "Bu universitetin bağlanma xəbərini eşidən gündən buraya gəlib gedirəm ki, sənədlərimi versinlər. Qanuni yolla ABU-nun Moskva filialına daxil olmuşam. Özüm də Rusiya vətəndaşıyam. Nazirliyin rəhbər şəxslərindən olan İlyar Vahabova bizi qəbul edərkən ali məktəblə bağlı sualıma cavabı belə olmuşdu: Kimin xarici posportunda qəbul olduğu ildə möhürü varsa, sənədlərində heç bir səhv yoxdursa, başqa universitetə köçürüləçək. Mən də İ.Vahabova bu sənədlərin doğru-düzgün olduğunu bildirəndə dedi ki, onda sənin işin düzəldi. Amma köçürülənlərin siyahısında adımın olmadığını xəbər tutandan sonra nazirliyin qarşısında keçirilən növbəti eitraz aksiyasında iştirak edib vədinin niyə həyata keçmədiniyi soruşdum. Cavabına dedi ki, get sənədlərini ABU-dan al, səni başqa universitetə köçürəcəyik: "Hamı necə, sən də elə".
Əgər elədirsə, köçürülənlər kimi mənim də sənədimin nazirlik müvafiq universitetə yollanılmasını təşkil eləyərdi. Bir sözlə o şəxsin heç bir sözünə inanmıram, burdan da sənədlərimi ala bilmirəm. Mən yalan eşitməkdən utandım, usandım, İlyar danışmaqda davam elədi".
O bildirdi ki, nazirlikdən bir məmur diplom alması üçün ondan 5 min manat istəyir".
Birinci prorektor jurnalisti qəbul etmədi
Keçmiş rektor Elşad Abdullayev saat 14:00 olmasına baxmayaraq, şəxsi mülkünə hələ də gəlməmişdir. ABU-nun birinci prorektoru akademik Hüseyn Əhmədovun burada olduğunu öyrənib qəbuluna düşməyə cəhd etdim. Amma köməkçisindən xəbər göndərdi ki, məni qəbul etmək istəmir.
Bəxtiyar Qibləlioğlu: "ABU-da olan şərait dövlət universitetlərində də yoxdur"
ABU-nun mətbuat xidmətinin rəhbəri, jurnalistika fakültəsinin dekanı Bəxtiyar Qibləlioğlu ABU-nun aqibəti ilə bağlı bunları dedi: "Hələ ki, heç bir yenilik yoxdur. Zamandan asılı olaraq fəaliyyətimizi qururuq. ABU-nun tələbələrinin köçürüldüyü universitetlərlə bağlı olan təhsil haqqı məsələsi məni narahat edir. Burada qarşılarına oxumaq məqsədi qoyan tələbələrin ailə büdcələri də nəzərə alınmışdı. Nazirlik onları elə universitetlərə köçürüb ki, onların texniki bazasını, pedoqoji heyətini ABU-la müqayisə etməyə dəyməz. Burada olan şərait heç dövlət unversitetlərində də yoxdur. ABU-nun Moskva və Dağıstan filiallarından köçürülən tələbələrin təhsil hüquqlarının pozulması yolverilməzdir. Yəqin, nazirlik minlərlə gənci bu hüquqdan məhrum etməyəcək."
Polis aksiyanı zor tətbiq edərək dağıtdı
Saat 17 radələrində isə xəbər verildi ki, ABU-nun keçmiş tələbələri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyaya səbəb onların köçürüldükləri Asiya Universitetində 3-cü kursu yenidən oxumalarının tələb olunması ilə bağlı tələbdir. Təhsil Nazirliyinin qarşısındakı yolu bağlayanlardan olan Elnur Məmmədov bildirdi: "Testlə qəbul olunanlardanam. Buna görə də Asiya Universitetinə köçürüldüm. Burdakı təhsil haqqı da ABU-da olduğundan ikiqat bahadır. Düşündüm ki, onsuz da bir ilim qalıb, razılaşdım. İndi də deyirlər ki, yenidən 3-cü kursu oxumalısınız. Daha belə də olmaz da. Axı, 3-cü kursu oxumuşam. Mən düşünmürəm ki, burada ABU-dakından fərqli nəsə öyrənəm".
Etirazçılar içində tələbələrlə yanaşı, valideynlər də var. Həmişəki kimi, etiraz aksiyası polis tərəfindən dağıdıldı. Onlara qarşı zor təbiq olundu, bir neçə valideyn və tələbə döyüldü.
Qeyd edək ki, bu universitetdə onun fəaliyyətinin dayandırıldığı vaxtadək 2700 tələbənin təhsil aldığı, onlardan yalnız 1700 nəfərinin ABU-ya qanuni yolla daxil olduğu bildirilir. Qalanları isə universitetə köçürmə yolu ilə qəbul edilib. Amma istər qanuni, istərsə də qeyri-qanuni yolla burada təhsil alanların əsas problemi neçə illərdir, universiteti bitirmələrinə baxmayaraq diplom ala bilməmələridir/