İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir neçə mağazada keyfiyyətsiz ərzaq aşkarlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının müxtəlif yaşayış məntəqələrinin mağazalarında yüzlərlə kilo keyfiyyətsiz ərzaq aşkarlanıb. Bu haqda Milli.az xəbər portalı məlumat yayıb.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, ümumi çəkisi 229 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. satışdan çıxarılaraq məhv edilib. Nazirlik həmin ərzaq məhsullarının aşkarlandığı mağazaların siyahısını da yayıb:
Bakının Yasamal rayonunda:
- Talıblı küçəsi ilə Bünyadzadə küçəsinin kəsişməsində yerləşən “Çinar market”də;
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində:
- M.Fətəliyev küçəsi, 35 ünvanında yerləşən “Qırmızı market”də;
- M.Fətəliyev küçəsi, ev 19 ünvanında Mənsurə İgidovaya məxsus ticarət obyektində;
- M.Fətəliyev küçəsi, 13 ünvanında yerləşən “Allahverdi market”də;
- Neftçilər küçəsi ilə Axundov küçəsinin kəsişməsində Bəhram Əhmədova məxsus mağazada;
- Ə.Yunusov küçəsində yerləşən “Ordubad market”də;
- Gənclik küçəsində Rövşən Məmmədova məxsus mağazada;
Suraxanı rayonunda:
- Yeni Günəşli qəsəbəsi, “D” massivində yerləşən “Xanbulan market”də;
- Qaraçuxur qəsəbəsində yerləşən “Nərmin market”də;
Nərimanov rayonunda:
- Azadlıq prospekti, ev 151 A ünvanında yerləşən “Holland market”də;
Ağdam rayonunda:
- Quzanlı qəsəbəsində Rahib Mustafayevə məxsus mağazada;
Qusar şəhərində:
- Ə.Səfixanov küçəsi Bahadır Mikayılova məxsus mağazada;
Balakən şəhərində:
- H.Əliyev prospektində yerləşən “Turan” mağazasında;
Beyləqan şəhərində:
- A.Ələkbərov küçəsində yerləşən “Qabil market”də.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
“Aran” İA