Tarix : 2010 Sep 22
Kod 19058

Prorektorun hicablı müəllimələrlə bağlı absurd fikri

Azərbaycan Müəllimlər İnstitutunda hicablı tələbələrə qeyri-qanuni qadağa
Azərbaycan servisi/Aran agentliyi
Artıq neçənci gündür ki, yeni dərs ili başlayıb. "Yeni Şərq"in verdiyi məlumata əsasən, hər il olduğu kimi, bu ildə bəzi tədris müəssisələrində inanclı tələbələrə qarşı diskriminasiya faktı qeydə alınıb. Hazırda paytaxt Bakıda nadir istisnalar olmaqla tədris müəssisələrində hicablı tələbələrə qarşı heç bir qadağa müşayət edilməsə də, Azərbaycan Müəllimlər İnstitutunda inanclı xanım tələbələr dərslərə buraxılmır. Yeni dərs ilinin əvvəlindən bu ali məktəbin hicablı tələbələrinə onlardan başlarını açmaları tələb edilib, əks təqdirdə dərsə buraxılmayacaqları bildirilib. Sentyabr ayının 21-i, Müəllimlər İnstitutunun bütün inanclı tələbələri prorektor Tünzalə Yusifova tərəfindən dərslərdə iştirak etmək hüququndan məhrum ediliblər. Prorektor Tünzalə Yusifova hicabı qadağanedici heç bir qanun olmadığını bildirsə də, lakin bu cür hərəkəti davam edəcəyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutun prorektoru Tünzalə Yusifova Milli.az xəbər portalına verdiyi müsahibədə "Şagirdlər, bağçadakı körpə uşaqlar hicablı müəllimləri qəbul etmir" absurd fikir söyləməklə qeyri-qanuni hicab qadağalarına haqq qazandrmaq istəyib. O, müsahibəsində bildirib ki, Azərbaycan Müəllimlər İnstitutu ibtidai sinif və məktəbəqədər təhsil müəssisələri üçün müəllimlər hazırlayır. İndi hicabla dərslərə gələn tələbələr gələcəkdə hicabla məktəblərə dərs verməyə gedəcəklər və bu problem yaradacaq.
Maraqlıdır ki, Tünzalə xanım bu fikirə nəyin əsasında gəlib?
Necə olur ki, şagirdlər və bağçadakı körpələr açıq-saçıq, müəllimə adına yaraşmayan geyimlə tədris müəssisələrində işləyən müəllimləri qəbul edir, amma abırlı, əxlaq normalarına uyğun geyinən xanımlara etiraz edir?
Məsələyə münasibət bildirən "Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin icraçı direktoru Hakim Əlizadə qeyd edib ki, prorektorun səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Çünki bu günə kimi heç bir şagird və ya bağçadakı körpə hicablı müəllimələriylə bağlı adiyyatı qurumlara narazılıqlarını bildirməyiblər. Əksinə, bir valideyn kimi təmasda olduğu şagirdlərdən hicablı müəllimələri haqqında hər zaman xöş sözlər eşidib.
Tünzalə Yusifovanın səsləndirdiyi fikirlə bağlı rəyini öyrənmək məqsədilə hicablı ibtidai sinif müəlliməsi işləyən Xeyrənnisə Həsənovaya müraciət etdik. Xeyrənnisə müəllimə prorektor tərəfindən səsləndirilən fikirlərə toxunaraq bunları qeyd edib "Mən artıq 7 ilə yaxındır ki, Bakıda fəaliyyət göstərən məktəblərin birində ibtidai sinif müəlliməsi işləyirəm. İşlədiyim gündən də bu yana Allahıma itaət edib hicab bağlayıram. Bu günə qədər də onlarla şagirdim olub. Bu şagirdlərin heç biri mənim hicablı olmağımla bağlı narahatlıq keçirməyiblər. Hətta bu illər ərzində övladları bizim məktəbdə təhsil alan valideynlər uşaqlarının mənim sinifimdə təhsil almaları üçün məktəb direktoruna dəfələrlə müraciət ediblər. Mən digər hicablı olmayan müəllimələrə böyük hörmətlə yanaşıram və heç də onları aşağılamaq niyyətim yoxdur. Amma övladlarına dərs verdiyim valideynlər hər zaman məndən razılıq ediblər. Səbəb kimi də uşaqların tərbiyyəsində olan müsbət dəyişikliklər, nizam-intizam, dərslərindək keyfiyyət və rüşvət hallarına qarışmamağım olub.
Hörmətli prorektorun bu fikirlərini eşitdikdən sonra çox təəcübləndim. Bir hicablı müəllimə olaraq dərs verdiyim orta məktəbə Tünzalə xanımın baş çəkməsini istəyirəm. Qoy gəlib özü orta məktəblərdəki hicablı müəllimələrlə bağlı olan reallıqların şahidi olsun və ondan sonra şagirdlərin adından söz demək haqqına sahib olsun.
Məncə burada əsas məsələ hicab deyil, savad intellekt və təlim-tərbiyyə metodunun düzgün seçilməsidir. Əgər bütün bunlar bir hicablı müəllimədə varsa bəs onda niyə şagirdlər şikayyət etsin?"
Ümid edirik ki, yaranan bu süni problem tezliklə öz həllini tapacaq və hicablı tələbə xanımların pozulmuş konstitusiyon hüquqları bərpa olunacaq.
Qeyd edək ki, DEVAMM-ın monitorinq qrupu Hacı İlqar İbrahimoğlunun rəhbərliyi ilə institut önündə monitorinq həyata keçirib. Bu haqda DEVAMM-ın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, yaranmış vəziyyətlə bağlı DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu problemi şərh edərkən bunları söyləyib:
"Müəllimlər İnstitutunda hicablı tələbələrin dərsə buraxılmaması xanımların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Xatırladım ki, 3 il öncə, 2007-ci ildə həmin bu ali məktəbdə belə bir problem yaşanmışdı və o zaman tez bir zamanda öz hüquqi həllini tapdı. Ümid edirik ki, bu il də yaşanan hüquq pozuntusu tezliklə öz həllini tapacaq".
Hazırda DEVAMM problemin çözülməsi istiqamətində fəaliyyətini davam etdirir.
 
"Yeni Şərq"
  • Yazılıb
  • da (də) 2010 Sep 22