son bir il ərzində İran rəsmiləri region ölkələrinə səfərlər edərək ikitərəfli iqtisadi layihələrə əhəmiyyətli investisiyalar yatırıblar və simvolik dostluq jestləri ediblər
Qafqaz Servisi /Aran Agentliyi
HaqqYolu - Amerikanın nüfuzlu “The Foreign Policy” jurnalında dərc edilmiş məqalənin müəllifi Heyli Suitlend Edvards qeyd edir ki, son vaxtlara qədər ABŞ-ın bölgədəki əsas tərəfdaşı sayılan Gürcüstan da İranın regiona nəzarət cəhdlərini dəstəkləyir. Məqaləyə görə, İranın Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı siyasəti praqmatik iqtisadi və geosiyasi məsələlər üzərində qurulub: “Belə görünür ki, Tehranın gərgin diplomatik səyləri sayəsində İran partlayış təhlükəsinin güclü olduğu Cənubu Qafqazda əsas stabilizasiya amilinə çevrilə bilər. Bir çox optimist analitiklər hətta belə hesab edirlər ki, İranın bu strateji əhəmiyyətli regionda özünü yaxşı aparması cüzi də olsa Vaşinqton-Tehran barışına yönələn ilk addımlar hesab edilə bilər”.
Jurnal xatırladır ki, son bir il ərzində İran rəsmiləri region ölkələrinə səfərlər edərək ikitərəfli iqtisadi layihələrə əhəmiyyətli investisiyalar yatırıblar və simvolik dostluq jestləri ediblər. Həmçinin qatı amerikapərəst Gürcüstan prezidenti Mixail Saakaşvili İran prezidenti Mahmud Əhmədinejadı ölkəsinə səfərə dəvət edib. “İran onu Ermənistanla birləşdirəcək dəmir yol layihəsinin tikintisini, habelə Azərbaycanı Fars körfəzi ilə birləşdirən neft kəmərinin çəkilməsini təklif edir” - deyə məqalədə bildirilir. Məqalə haqqında Musavat yazır.