Tarix : 2010 Sep 25
Kod 19094

“Azərbaycan və Mərakeş arasında 20 sənəd imzalanma mərhələsindədir”

Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Əbdülvahid Radinin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisdə olub
Azərbaycan servisi/Aran agentliyi
“Yeni Şərq”in AzərTAc-a istinadən verdiyi məlumata görə, Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Əbdülvahid Radinin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Milli Məclisdə olub. Parlamentin binası önündə qonaqları Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.
Mərakeşli qonaqlar əvvəlcə Milli Məclisin yeni inzibati binası və iclas zalı ilə tanış olmuşdur. Sonra onlar parlamentin binasındakı Heydər Əliyev Xatirə zalına baxıblar. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini əks etdirən, eləcə də dünyanın tanınmış ictimai, siyasi və dövlət xadimləri ilə keçirdiyi görüşlərdən bəhs edən fotoşəkillər, eksponatlar barədə ətraflı məlumat verilib. Abdelvahed Radi buradakı fəxri qonaqlar üçün xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Abdelvahed Radi Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Mərakeşin yerləşdiyi bölgədə nüfuzlu dövlət olduğunu vurğulayan Oqtay Əsədov deyib ki, biz eyni dinə, yaxın mədəni əlaqələrə malik ölkələrik: “Azərbaycan Mərakeş Krallığı ilə münasibətlərin inkişafına böyük önəm verir. İnanırıq ki, daha yüksək səviyyəli səfərlər bizim əlaqələrimizin hərtərəfli inkişafına böyük töhfələr verəcək”.
Oqtay Əsədov bildirib ki, ölkələrimiz arasında 7 mühüm sənəd imzalanıb, 20-si isə imzalanma mərhələsindədir: “Amma iqtisadi əlaqələrimizin hazırki səviyyəsi mövcud potensiala uyğun deyil. Artıq hökumətlərarası müştərək komissiya da yaradılıb. İnanırıq ki, bu komissiya bütün sahələrdə əməkdaşlığımızın genişlənməsində, münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”.]
Sonra Oqtay Əsədov Azərbaycanın iqtisadi inkişafı, regionda həyata keçirilən irimiqyaslı layihələrdəki rolu, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirmiş, bu siyasətin bundan sonra da dəyişməyəcəyinə əminliyini ifadə edib.
Əbdülvahid Radi bu səfərə böyük önəm verdiklərini söyləyib. Qonaq deyib ki, Mərakeşdə Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşürlər: “Çünki bizim də ərazi bütövlüyümüz pozulub. Mərakeş Krallığı bu problemlə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirir. Biz hər bir problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdarıyıq”.
Sonra parlamentlərarası, eləcə də elm, təhsil, mədəniyyət, humanitar, iqtisadi sahələrdə əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, deputatlarımızın qarşılıqlı səfərləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
“Yeni Şərq”
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 25