Tarix : 2010 Sep 26
Kod 19107

Polad Bülbüloğlu İrəvana gedib

Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Ermənistanın paytaxtı İrəvanda keçirilən gənc Azərbaycan və erməni musiqiçilərindən ibarət ...
Azərbaycan servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Ermənistanın paytaxtı İrəvanda keçirilən gənc Azərbaycan və erməni musiqiçilərindən ibarət simfonik orkestrin konsertində iştirak edib. Bu barədə Ermənistanın “Azatutyun” (“Azadlıq”) saytı məlumat verib.
Moskva Beynəlxalq Musiqi Evinin prezidenti Vladimir Spivakovun rəhbərliyi ilə MDB Ölkələrinin Gənclər Simfonik Orkestrinin konsertində Ermənistanın prezidenti Serj Sərkisyan və Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Smbatyan da iştirak edib.
Qeyd edək ki, artıq MDB Ölkələrinin Gənclər Simfonik Orkestri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə Azərbaycan və Ermənistanda başa vurub.
“Hal-hazırda mədəniyyət dialoqu davam edir və biz 1988-ci ildən Qarabağ münaqişəsi başlayandan sonra ilk dəfə birlikdə ifa edən gənc azərbaycanlı və ermənilərin təhlükəsizlik zəmanətiyik”, deyə M. Şvıdkoy erməni mətbuatına bildirib. Onun sözlərinə görə, belə mədəni mübadilə son nəticədə münaqişə tərəfləri arasında tezliklə kompromisin əldə edilməsinə səbəb olacaq.
Xatırladaq ki, bundan əvvəl sentyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında “Üzeyir Hacıbəyov-125” beynəlxalq musiqi festivalı çərçivəsində məşhur dirijor Vladimir Spivakovun rəhbərliyi ilə MDB Ölkələrinin Gənclər Simfonik Orkestrinin konserti keçirilib. Konsertdə Rusiyadan xüsusi nümayəndə heyəti, o cümlədən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyan və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Sentyabrın 23-də isə MDB ölkələrinin bir qrup musiqiçisi Bakıdan birbaşa təyyarə reysi ilə İrəvana uçub. Rossiya Hava Yollarının təyyarəsi axşam saatlarında Ermənistan paytaxtına enib.
Qeyd edək ki, Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan arasında birbaşa təyyarə reysləri hələ Sovetlər zamanından bu yana yoxdur. Yalnız nadir hallarda xarici ölkələrin diplomatları Bakıda təyyarə ilə İrəvana uçurlar.
Polad Bülbüloğlunun Ermənistan paytaxtında konsertə getməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Qarabağ Azadlıq Təşkilatı (QAT) və bir sıra digər qurumlar bu səfəri qətiyyətlə pisləmişlər.
Müxbirimizlə fikirlərini bölüşən Qarabağdan olan Azərbaycan vətəndaşı “Polad Bülbüloğlu artıq geriyə qayıtmasın, ona elə Ermənistanda qalmaq yaraşar” deyərək, torpaqlar azad olunmayınca belə “xalq diplomatiyasının” düşmən tərəfin mənafeyinə xidmət etdiyini söyləyib.
Xatırladaq ki, səfir Polad Bülbüloğlunun özü də əslən Qarabağdandır və onun Şuşa şəhərindəki ata yurdu hazırda erməni işğalı altındadır.
 
“Aran” İA
 
 
  • Yazılıb
  • da (də) 2010 Sep 26