Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının aparıcı müxalifət partiyaları oktyabrın 10-dan etibarən kütləvi aksiyalar keçirməyə qərar verib.
“Yeni Müsavat” qəzetinin bildirdiyinə görə, Müsavat Partiyasının ardınca AXCP də birgə mitinq keçirmək barədə qərar qəbul edib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının verdiyi məlumata görə, mitinq oktyabrın 10-da Müsavat Partiyası ilə birgə keçiriləcək. Bununla bağlı Müsavat Partiyası ilə ilkin razılaşma əldə olunub. F.Qəhrəmanlı mitinqin paytaxtın Nizami rayonu ərazisində yerləşən “Təbriz” kinoteatrının qarşısında keçiriləcəyini, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəriləcəyini də bildirdi.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da bildirdi ki, oktaybrın 10-da birgə mitinq keçirmək barədə AXCP ilə müzakirə aparıblar və qərar qəbul ediblər. Mitinqin şüarları və tələblərinə gəlincə, T.Yaqublu qeyd etdi ki, seçki kampaniyası dövrü olduğu üçün əsasən demokratik, azad, ədalətli seçkilər, seçkilərdə hamıya bərabər şərait yaradılması tələbləri və şüarları səslənəcək. Həmçinin Qarabağ, bloggerlərin və Eynulla Fətullayuevin azad edilməsi tələb olunacaq.
Müsavat rəsmisi mitinqin kütləvilik baxımdan nəzərəçarpacaq dərəcədə yüksək olacağını vurğuladı: “Təbliğat kampaniyasına 5 gün qalmış keçirəcəyimiz mitinq möhtəşəm olacaq. Yerli təşkilatlara aksiyaya hazırlaşmaq haqda tapşırıqlar verilib. Bu seçkilərin favoritinin məhz AXCP-Müsavat bloku olduğu bir daha ortaya çıxacaq”.
AXCP sədri Əli Kərimli isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, davamlı mitinqlər keçiriləcək: “Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də əsas mübarizə və təbliğat vasitələrindən biri kütləvi aksiyalar olacaq. Davamlı mitinqlər keçirmək niyyətindəyik”.
O, blokun aksiyaları şəhərin mərkəzi meydanlarında keçirəcəyini və Bakı şəhər İcra Hakimiyyətinin bu günə qədər təklif etdiyi yerlərin heç birində keçirməyəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti ATƏT-in Bakı ofisi ilə danışıqlardan sonra kütləvi aksiyalar üçün iki yeni yer ("İnşaatçılar" metrostansiyası ilə “Qələbə” kinoteatrının arasındakı stadion və “Təbriz” kinoteatrının qarşısı) ayırıb. AXCP ilə Müsavatın 10 oktyabr mitinqini bu meydanlardan birində keçirmək istəməsi hakimiyyətin aksiyaya icazə verəcəyi ehtimalını artırır.
“Aran” İA