Cəlilabad rayonunun Üçtəpə kəndində aparılan arxeoloji qazıntılar zamanı Cənubi Qafqazda ən qədim yaşayış məskənlərindən biri aşkar edilib.
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin AzerTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Muğan” neolit-eneolit ekspedisiyası tərəfindən Üçtəpə kəndi ərazisində aşkar olunan, eramızdan əvvəl dördüncü minilliyin ikinci yarısına aid edilən “Alxantəpə” qədim yaşayış məskəni Qafqazda nadir abidələrdən biridir.
Ekspedisiya 6 hektar sahədə aparılır və qazıntılar 200 kvadratmetr ərazini əhatə edir.
Mədəni təbəqədən 50-yə yaxın müxtəlif abidələr, təsərrüfat quyuları, 3 dulusçuluq kürəsinin qalıqları, müxtəlif dövrlərə aid 30-a yaxın maddi mədəniyyət nümunələri, 7 mindən çox keramika qalıqları tapılıb. Bu tapıntılar Alxantəpədə yüksək mədəniyyətin formalaşdığını sübut edir.
Qədim yaşayış məskəninin hərtərəfli öyrənilməsi məqsədilə Rusiyanın tanınmış arxeoloqu, tarix elmləri doktoru Sergey Karnevski Azərbaycana dəvət olunub. Rusiyalı mütəxəssis qədim abidənin tədqiqinin Qafqazın tarixinin öyrənilməsindəki rolunu yüksək qiymətləndirərək bildirib ki, bu abidə Maykop mədəniyyətinə yaxındır. Burada əkinçilik və heyvandarlığın təşəkkül prosesini öyrənmək üçün maraqlı tapıntılar var. Tarixi abidənin birgə tədqiqi Azərbaycan və rus alimlərinə həmin dövrdə yaşayan insanların yaşayış tərzini öyrənmək üçün geniş imkanlar açır.
Alxantəpə yaşayış məskəninin Beynünnəhreyndən - Mesopotamiyadan Qafqaza miqrasiya edənlər tərəfindən tikildiyi təxmin edilir. Bildirilir ki, 9 qəbirdən çıxarılan insan skeletlərinin tədqiqindən sonra daha dəqiq fikir söyləmək mümkün olacaq.
Məlumatda bildirilir ki, aşkar edilən qəbirlərin altısı uşaqlara aiddir. Tapılan skeletlər monolit halına salınaraq tədqiqat üçün müvafiq strukturlara göndərilib. Tikinti təbəqələrinin ilkin tədqiqi isə Alxantəpə qədim yaşayış məskəninin zəlzələyə məruz qaldığını göstərir.
“Aran” İA