Tarix : 2010 Oct 01
Kod 19131

Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti uzadıla bilər

Təhran rəsmisi İranın “Dağlıq Qarabağda” fəaliyyət göstərməsini də rəsmən təkzib etdi
Azərbaycan servisi/Aran agentliyi
"Yeni Şərq“in verdiyi məlumata görə, İran Prezidenti Aparatının İqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri, vitse-prezidentin müavini Əli Ağa Məhəmmədi bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, "İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətinin uzadılması məsələsini müzakirəyə çıxaracaq”.
Tehran rəsmisinin sözlərinə görə, "Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddətinin 15 gündən 1 aya uzadılması ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, səfərdən qayıtdıqdan sonra, Tehranda bu məsələni hökumətdə müzakirəyə çıxarıb, Azərbaycan vətəndaşları üçün İranda qalma müddətinin vaxtının artırılmasını təmin edəcəyik".
Xatırladaq ki, İran İslam Respublikası Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib və 2010-cu ilin fevralın 1-dən etibarən, İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.
Tehran rəsmisi son zamanlar bir sıra KİV-lərdə yer alan guya İranın “Dağlıq Qarabağ” ərazisində fəaliyyət göstərməsi xəbərlərini də rəsmən təkzib etdi: “İran şirkətlərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisində heç bir fəaliyyəti yoxdur. Bununla bağlı yayılan məlumatlar kökündən yanlışdır”. O bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü ilk gündən tanıyıb və tanımaqda davam edir.
İranın Ermənistana taxıl satma məsələsinə gəlincə, Əli Ağaməhəmmədi deyib ki, ölkəsi Ermənistana rəsmi surətdə taxıl satmayıb: “Biz Ermənistana dövlət xətti ilə taxıl satmamışıq. Bu fikirlərin də heç bir əsası yoxdur”.
 
“Yeni Şərq”
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Oct 01