Tarix : 2010 Oct 01
Kod 19133

“İran və Azərbaycan respublikaları arasındakı münasibətlər: maneələr və onların həlli yolları”

.
Azərbaycan servisi/Aran agentliyi
“İran və Azərbaycan respublikaları arasındakı münasibətlər: maneələr və onların həlli yolları”
          Seminar bazar günü, 19 Sentyabr 2010-cu ildə Tehran Universitetinin Qafqaz elmi fondu və Xarici İşlər Nazirliyinin siyasət və beynəlxalq münasibətlər şöbəsinin Qafqaz və Mərkəzi Asiya mütaliələri mərkəzinin təşəbbüsü ilə, Tehran Universitetinin Ədəbiyyat və Humanitar Elmlər İnstitutunun Firdövsi adına auditoriyasında keçirildi. Bu beynəlxalq seminarın açılış mərasimində İran İslam Respublikası Prezidentinin parlament məsələləri üzrə müavini, vida mərasimində isə Xarici İşlər Nazirliyinin təhsil və tədqiqat üzrə müavini çıxış etdi. İran İslam Respublikasının Bakıdakı səfiri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri, habelə İran İslam Respublikasının Bakıdakı sabiq səfirləri, İran İslam Respublikası, Azərbaycan respublikası və digər ölkələrdən olan universitet müəllimləri və Qafqaz üzrə tədqiqatçılar sözügedən seminarın digər natiqləri idilər. “Aran” elmi-tədqiqi jurnalının Baş Redaktoru Mühəndis Həsən Qoli də bu seminarın ilk iclasında çıxış edib, özünün “İran və Azərbaycan respublikaları arasındakı münasibətlər: maneələr və onların həlli yolları” adlı məqaləsini təqdim etdi. İndi həmin çıxışın tam mətnini diqqətinizə çatdırırıq.
 
Bismillahir-Rəhmanir-Rəhim”
Həkimlər xəzinəsinin qapısının açarıdır...
İran bir ürəkdir, bu aləm bədən,
Olmaz xəcalətli belə söz deyən.
Çünki ürəyidir bu yerin İran,
Ürək yaxşı olar bədəndən, inan!
 
          Sözümü dahi şair Nizami Gəncəvidən bir neçə beytlə başladım ki, onun İran və Azərbaycan dostluğunda ifa edə biləcək dəyərli roluna diqqət yetirmiş olaq. Yaxşı olar ki, burada İranın daha bir məşhur şairi, Əhli-beyt (ə) şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizini, dünən xatirə gününü qeyd etdiyimiz əziz Şəhriyarı da yad edim, ondan ilham alaraq, bu dəyərli şairin dililə Azərbaycan Respublikasından və Qafqazın digər bölgələrindən təşrif buyurmuş əziz qonaqlarımıza deyim: “İgidlər yurdu Qafqazım, sənə məndən salam olsun!”
          Söhbətin mövzusu “İran və Azərbaycan respublikaları arasındakı münasibətlər: maneələr və onların həlli yolları”dir. İran və Azərbaycan respublikaları arasındakı münasibətlərdə mühüm bir tendensiya müşahidə olunur: Bu iki ölkənin hökumətləri uyğun sahədə diplomatik səylərini artırmaqda və xalqları hərtərəfli əməkdaşlığa meyl göstərməkdədirlər. Lakin Azırbaycan Respublikasının müstəqilliyindən və onun İran tərəfindən rəsmi tanınmasından 20 il ötməsinə baxmayaraq, iki ölkə arasındakı iqtisadi əlaqələrin həcmi 500 milyon dollar hüdudundadır. Bu da iki ölkə arasında mövcud olan çoxlu müştərək məqamlarla, həmçinin onların digər ölkələrlə əlaqələrilə müqayisədə çox azdır və münasibətlərin aşağı həddə olduğunu göstərir. Bu hal həm də münasibətlərin inkişaf etdirilməsində maneələrin olduğuna sübutdur və məncə, əsas maneələrdən biri bu iki ölkənin İran və Qafqazın tarixinə dair baxış tərzləridir.
          Azərbaycan Respublikasının dərslik kitablarında və digər mənbələrində göstərilir ki, tarix boyu Arazın şimalı və cənubu Azərbaycan adlanmış və orada müstəqil xanlıqlar hakim olmuşdur. İran və Rusiya bu regionu işğal etmək üçün uzun illər bir-birilə vuruşmuş və nəhayət, Gülüstan və Türkmənçay sülh müqavilələrinə əsasən, Azərbaycanı iki hissəyə - şimal və cənub hissələrinə bölmüşlər. Nəticədə şimal hissə Rusiyanın, cənub hissə isə İranın əsarətinə düşmüşdür. Hal-hazırda şimal hissə müstəqillik əldə edib, cənub hissə isə hələ də İranın tərkibində qalmaqdadır. Bu gün Azərbaycan Respublikasında İrana aid bəzi xoşagəlməz addımlar və sözlər müşahidə olunur ki, məhz bu növ təfəkkür tərzinin məhsuludur.
          Azərbaycan Respublikasında görünən və istər-istəməz onun İranla münasibətlərinə mənfi təsir göstərən əlamətlərdən biri kimi, bəzi dərsliklərdə İranın Şeyx Məhəmməd Xiyabani, Səttarxan, Baqirxan və bu kimi tarixi şəxsiyyətləri haqda qeyri-obyektiv yazıları qeyd etmək olar. Halbuki Səttarxan rus konsulunun, konsulluqda sığınacaq təklifinə belə cavab vermişdi: “Mən həzrət Əbəlfəzl Abbasın bayrağı altındayam, İranın bayrağı altındayam. Sizin bayrağınız mənə lazım deyil və mən heç vaxt zülm və istibdada boyun əyməyəcəyəm”. Amma bu iranlı şəxsiyyət “Ata yurdu” dərslik kitabında Azərbaycanı İrandan ayırmağa çalışan anti-İran bir şəxs kimi tanıtdırılır. Tarixə bu növ baxış tərzinin digər nümunələri kimi, bəzən Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində, İranın azərilər yaşayan zonalarında anti-İran cərəyanları haqda irəli sürülən fikirləri, belə təşkilatların təsis olunmasını, onlara yardım göstərilməsini, həqiqətdən kənar atlasın çap etdirilməsini və sair bu kimi halları da göstərmək olar.
          İranın və Qafqazın tarixinə dair yuxarıdakı baxışın əksinə olaraq, yüzlərlə tarix və coğrafiya kitabına əsasən, İranda belə düşünürlər ki, Gülüstan və Türkmənçay sülh müqavilələrinə qədər Arazın cənubu Azərbaycan adıyla, şimalı isə Albaniya və Aran adıyla tanınmışdır. Şimal hissə sonralar Badkubə və bu kimi digər məntəqələr şəklində İranın bir hissəsi sayılırdı ki, rusların tamahkarlığı və ingilislərin köməyilə, İranla Rusiya arasında illərlə müharibədən sonra İrandan ayrıldı. Orada İmam Şamil hərəkatı kimi anti-rus qiyamlara baxmayaraq, bu ayrılıq davam etdi. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə Qafqazın, Albaniya və Aran adlanan bir hissəsində müstəqil dövlət təsis edib, o zamankı Osmanlı İmperiyasının təhrikilə onu Azərbaycan Demokratik Respublikası adlandırdı. Bu məsələ iranlıların ciddi etirazına səbəb oldu və hətta Şeyx Məhəmməd Xiyabani kimi şəxslər tarixin təhrifinin qarşısını almaq üçün tarixi Azərbaycanın adını dəyişib Azadistan qoymağı təklif etdilər. Azərbaycan Demokratik Respublikası təsis olunduqdan sonra o vaxta qədər söhbət mövzusu olmayan Şimali və Cənubi Azərbaycan məsələsi ortaya çıxdı. Əvvəllər Osmanlı İmperiyası və sonralar Sovet İttifaqı bundan yararlanmağa çalışdı. Bu səylərə misal kimi 1945-ci ildəki Demokrat Firqəsinə nəzər salmaq olar (Qeyd etmək lazımdır ki, bəzi iranlı tədqiqatçılar Gülüstan və Türkmənçay sülh müqavilələrinə qədər Qafqazın İrana məxsus olduğunu və Arazın şimalının Albaniya və Aran adlanmasını düşünməklə yanaşı, bu fikirdədirlər ki, Azərbaycan adı 1918-ci ildən qabaq qeyri-rəsmi də olsa, şimaldakı ərazilərə də aid edilmişdir).
          1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən oldu. Lakin elə həmin ərəfədən orada anti-İran hərəkətlər baş qaldırdı. Bunun bir nümunəsi Əbülfəz Elçibəyin başçılıq etdiyi Xalq Cəbhəsi idi. Azərbaycan Respubliksaının keçmiş səfirinin sözüylə desək, bu hərəkətlər özgələr tərəfindən istiqamətlənən naşı və təxribatçı addımlar idi.
          Təbiidir ki, İran hökuməti və xalqı tarixə, əsl qaynaqlara söykənən baxışa əsasən, Azərbaycan Respubliksaının belə yanaşmasından və ən əsası, bundan irəli gələn anti-İran addımlardan narazı idilər. Digər tərəfdən, bu iki qonşu ölkə dünyanın ən mühüm şiə ölkələri kimi, bəzi regional və qlobal qüdrətlərin diqqət mərkəzində idi. Təbii ki, bu amilləri əlaqələrin genişlənməsi yolunda olan maneələrdən saymaq olar.
          Burada bir məsələyə də diqqət yetirmək lazımdır. Keçmişdə Osmanlı İmperiyası, İngiltərə və Sovet Respublikaları İttifaqı bölgənin tarixinə baxış tərzindəki yanlışlığının yaranmasında maraqlı idilərsə, hal-hazırda Sionist rejim kimi bir xarici qüvvə bu məsələdən son dərəcə sui-istifadı etməyə, KİV-in, siyasi partiyaların və ictimai birliklərin İrana qarşı mənfi baxışını daha da dərinləşdirməyə çalışır.
          Bu gün nə etmək lazımdır? Sözügedən maneəni aradan qaldırmaq üçün iki yol nəzərə çarpır:
1.   Bəzi ekspertlər təklif edirlər ki, öz münasibətlərimizdə tarixi məsələlərə toxunmayaq və əlaqələrimizi digər müştərək məqamlar əsasında inkişaf etdirək. Məncə, bu, nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən qeyri-mümkündür. Çünki tarixi, mədəni, dini və digər müştərək məqamlar bir-birinə sıx bağlıdır. Bundan əlavə, tarixi məsələlərdə fikir ayrılığı iki ölkə xalqlarının bədxah düşmənlərinin əlində güclü bir alət kimidir, həm də Azərbaycan Respublikasında tarix bütün qərarların əsasını təşkil edir.
2.   Problemi həll etmək üçün ən yaxşı yol budur ki, bölgənin tarixini araşdırmaqdan ötrü iki ölkə tarixçilərinin, eləcə də, bitərəf ölkələrin və əlaqədar təşkilatların tarixçi və politoloqlarının iştirakı ilə bir komissiya yaradılsın. Bu komissiya hər iki tərəfin dəlillərini görsün və nəticədə hər iki tərəf bölgənin tarixinə dair müştərək fikrə çatsınlar. Hökumətlər də müştərək tarix kimi onu öz qərarlarında və qarşılıqlı əlaqələrində əsas götürsünlər.
Təbii ki, belə bir komissiya yarandığı təqdirdə İran və Azərbaycan respublikalarının alim və tarixçiləri öz nəzəriyyələrini bəyan edərkən dəlillərini də deyəcək və araşdırmaq üçün müxtəlif mövzular təklif edəcəklər. Buna görə, uyğun sahədə ilk təklif kimi aşağıdakı mövzuları qeyd etmək istəyirəm:
  1. Əl-Büldan, Nüzhətül-qülub, Fütuhul-büldan, Əhsənüt-təqasim fi mərifətil-əqalim, Asarul-bilad və əxbarul-ibad, Məsalik və məmalik, Hüdudul-aləm minəl-məşriq iləl-məğrib, Surətül-ərz (İbn Havqəlin səfərnaməsi), Möcəmül-büldan və sair bu kimi tarixi kitabların araşdırılması; Bu mənbələr Arazın şimalını İranın bir hissəsi kimi göstərərək, əksər hallarda “Azərbaycan” adını Arazın cənubuna aid etmişlər.
  2. Gülüstan və Türkmənçay sülh müqavilələrinin əsl mətnini, xüsusən də onların, Qafqazın İran tərəfindən Rusiyaya verilməsini açıq-aşkar vurğulayan üçüncü bəndini araşdırmaq; Azərbaycan Respublikasının baxışına əsasən, əgər Qafqaz sözügedən müqavilələr bağlanana qədər İranın deyildisə, ozamankı qüdrətli Rusiyanın, bu ərazilərə sahib olmaq üçün ozamankı gücsüz İranın razılığına və onunla müqavilə bağlamağa nə ehtiyacı vardı? Bu müqavilələr əgər doğrudan da Azərbaycanı İran və Rusiya arasında bölmək üçün idisə, nə üçün onlarda bir dəfə də olsun Azərbaycan adı gəlməyib? Bu müqavilələr bir məmləkəti iki ölkə arasında bölmək idisə, nə üçün İranın payı təyin edilməyib? Nə üçün və nə üçün...
  3. Azərbaycan Respublikasına aid olan bəzi elmi və siyasi şəxsiyyətlərin sözlərindən qalmış və Azərbaycan Respublikasının bugünkü mövqeyilə uyğun gəlməyən sənədli materialların, xüsusən aşağıdakı sənədlərin araşdırılması:
a)   Gülüstan müqaviləsinə şahid olan Mirzə Abasqulu Qüdsinin – Abasqulu ağa Bakıxanovun məşhur “Gülüstani-İrəm” kitabı;
b) Şirvanı İranın 20 vilayətindən biri hesab edən və Arazın şimalını Azərbaycan adlandırmayan Mirzə Zeynəlabidin Şirvaninin “Riyazüs-səyahət” kitabı;
c)   Azərbaycan Elmlər Akademiyasının üzvü, çoxlu həqiqətləri üzə çixaran professor İqrar Əliyevin məqalələri, sözləri və xüsusən də “Atropatena tarixi” kitabı;
ç) 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının əsasını qoymuş Məhəmməd Əmin Rəsulzadənin əsərlərini, xüsusən də onun fars dilinə çevrilmiş «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti» kitabının müqəddiməsində yazdıqlarını araşdırmaq. Orada belə yazılır: “Dünya müharibəsindən qabaqkı rəsmi coğrafiyaya əsasən, Azərbaycan, İranda yerləşən Təbriz və onun ətrafına şamil edilirdi. Müharibədən və Rusiya Böyük İnqilabından sonra dillərə düşən Azərbaycan isə sözügedən Azərbaycanın şimalında və Qafqazın cənub-şərqində yerləşən bölgədir və mərkəzi Bakıdır”. Həmçinin Rəsulzadə Tağızadəyə məktub yazaraq bildirmişdi ki, öz ölkəsinə Azərbaycan adını qoyduğu üçün iranlıların daha artıq narazılıqlarının qarşısını almaq üçün hər şey etməyə hazırdır.
d) Azərbaycan Demokratik Respublikasının yaranmasından illər sonra Azərbaycan Respublikasında çap olunan və bu respublikanın qədim adının Aran olduğunu bildirən bəzi nəşriyyələrin araşdırılması. Nümunə üçün Bakıda çap olunan Maarif və Mədəniyyət jurnalının 39 və 40-cı (1927-ci ilin aprel və may ayları) saylarını qeyd etmək olar.
4. İranlı və azərbaycanlı olmayan bəzi alimlərin əsərlərini araşdırmaq. Misal üçün, rusiyalı məşhur şərqşünas akademik Bartold özünün Azərbaycan Respublikasında da çap olunan bəzi əsərlərində açıq surətdə Məhəmməd Əmin Rəsulzadənin öz ölkəsini Azərbaycan adlandırmasının səbəbindən danışmışdır. Bakılı bir tələbə ondan “Biz ölkəmizin adını Azərbaycan qoya bilərikmi?” – deyə soruşduqda isə belə cavab vermişdi: “İndiki Azərbaycan Respublikasının şamil olduğu bütün ərazilərə ad qoymaq lazım olsa, Aran adını seçməliyik. Azərbaycan adı ona görə qoyulub ki, elə bilirdilər Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra İran azərbaycanı ilə Azərbaycan Respublikası birləşəcək”.
5. Qafqazın yerli hakimlərini təyinetmə və işdənçıxarma haqqında çoxlu sayda fərman və sənədlərin araşdırılması. Üstündən uzun illər keçməsinə baxmayaraq, bu sənədlər həm İranın, həm də Qafqaz ölkələrinin arxivlərində mövcuddur.
     Sözsüz ki, bu beş mövzu ilkin təklif xarakteri daşıyır, əslində sözügedən elmi komissiya Qafqaza, xüsusən də İranın və Azərbaycan Respubliksaının tarixinə aid bütün məsələləri və müxtəlif baxışları elmi yolla və təəssübsüz şəkildə araşdırmalıdır.
     Sonda ümidvar olduğumu bildirirəm ki, İran və Azərbaycan respubliksaları arasındakı əlaqələrin daha da genişlənməsinin qarşısını alan bütün maneə və anlaşılmazlıqları aradan qaldırıb, onların hərtərəfli əlaqələrinin artmasının və iki şiə ölkəsi olaraq regionda və bütün dünya səviyyəsində daha da qüdrətlənmələrinin şahidi olacağıq.
 
  • Yazılıb
  • da (də) 2010 Oct 01