Tarix : 2010 Oct 04
Kod 19144

Hacı Əli Hüseynovun hüquqlarının müdafiə komitəsi yaradıldı

sentyabrın 29-da Nardaran ağsaqqalları, bir sıra ictimai qurumlar və hüquq müdafiəçiləri bir araya gələrək keçən həftə ...
Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, sentyabrın 29-da Nardaran ağsaqqalları, bir sıra ictimai qurumlar və hüquq müdafiəçiləri bir araya gələrək keçən həftə Nardaranda həbs olunmuş Hacı Əli Hüseynovun hüquqlarının müdafiə komitəsini yaratdılar.
Müxtəlif təşkilatların təmsilçiləri olan 9 nəfərdən ibarət komitəyə Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev rəhbərlik edəcək.
Eldəniz Quliyev jurnalistlərə bildirib ki, Azərbaycanda hüquq mühafizə orqanları növbəti dəfə etiqadlı insana qarşı ədalətsiz hüquqi addım atıblar. Günahsız adamın hüququnu qorumağı o, özünə borc bilir. Eldəniz Quliyev hesab edir ki, bu məsələ ölkədə artıq ictimailəşib. Onun fikrincə, qanunun aliliyini əsas götürərək hansısa qeyri qanuni məsələyə qarşı çıxmaq yalnız kimisə müdafiə etmək yox, həm də dövlətçiliyi qorumaqdır.
Xatırladaq ki, Hacı Əli Hüseynov sentyabrın 22-də həbs olunub. Həmin vaxt o, Nardaran kəndində divarlara İslam alimlərinin kəlamlarını və Qurani-Kərimdən ayələr yazırmış. Kənd camaatının bir qismi onun məhz buna görə həbs edildiyini düşünür. Polis isə Hacı Əli Hüseynovun üzərində heroin aşkarlandığını bildirir.
Daxili işlər Nazirliyinin mətbuat xidmətinin sentyabrın 24-də yaydığı məlumata görə, Hacı Əli Hüseynovun qanının müayinəsi zamanı onun narkotik maddədən istifadə etdiyi təsdiqlənib. Bundan sonra Sabunçu rayon Məhkəməsi onu 2 ay müddətinə azadlıqdan məhrum edib. Lakin bu iddianı kənd sakinləri və müdafiə komitəsinin üzvləri şər və böhtan kimi qiymətləndirir.
Nardaran ağsaqqallarından İslam partiyasının keçmiş sədri Hacı Hacıağa Nuriyev bu hadisəni hakimiyyətin seçki qabağı növbəti oyunu adlandırır. O hesab edir ki, dövlətin yuxarı eşalonunda təmsil olunanlar bununla seçki ərəfəsində nardaranlıları təxribata çəkmək istəyirlər. Amma onun fikrincə, yaxşı olar ki, kənd camaatı təmkinli olub qanun çərçivəsində hərəkət etsin.
Dini sferada çalışan hüquq müdafiəçilərinin fikri də kənd ağsaqqallarının mövqeyindən o qədər də fərqlənmir.
Dini Etiqad və Vicdan Azadlığı Mərkəzi-nin rəhbəri İlqar İbrahimoğlu da Hacı Əli Hüseynovun həbsini əsassız sayır. O deyir ki, Hacı Əli Hüseynov fikirlərinə görə tutulub və bu qeyri-qanuni həbsdir. İlqar İbrahimoğlunun fikrincə, Hacı Əli Hüseynov adi sıradan birisi deyil, Qurani-Kərim müəllimidir. Belə bir adamı narkotik vasitələrlə əlaqələndirib həbs etmək təkcə hüquq pozuntusu yox, həm də Azərbaycan dindarlarının heysiyyatını tapdalamaqdır.
DEVAMM rəhbəri Hacı Əli Hüseynovun hüquqlarının müdafiə komitəsinin yaradılmasını da məqsədəuyğun hadisə adlandırır:
«Bir Quran müəlliminin cibinə narkotik maddə atmaq vaxtı ilə satirik şair Mirzə Sakitə, jurnalist Eynulla Fətullayevə qarşı edilən hərəkətin davamıdır. Yəni vaxtilə jurnalistlərə qarşı edilən hərəkət artıq Quran müəlliminə edilir. Bu mövzunun üzərinə gedilməsə sabah başqa şeylər də baş verəcək».
İlqar İbrahimoğlu hesab edir ki, Hacı Əli Hüseynovun beynəlxalq aləmdə vicdan məhbusu kimi tanınmasına nail olunmalıdır.
Kənd sakinləri “Aran” müxbirinə bildiriblər ki, Hacı Əli uzun illərdir kənddə narkomaniyaya qarşı ən kəskin mübarizə aparan ağsaqqallardandır və onun bu adla tutulması hüquq-mühafizə orqanlarının nüfuzuna ciddi zərbə endirdi: “Hamımız bilirik ki, Hacı Əli aktiv islamçı olduğuna görə tutulub və onu “narkoman” adlandıranlar millətin gözündə öz etimadlarını itirdilər”.
Nardaranlılar hesab edirlər ki, heç bir həbs və hədə-qorxu Hacı Əli kimilərinin haqq yolundan döndərə bilməz və yaxşı olardı ki, parlament seçkiləri ərəfəsində orqanlar vətəndaşlarla dövlət arasında yersiz problemlər yaratmayaydılar: “Bu, nə nardaranlılara, nə də hökumətə lazımdır. Görünür bu həbsin arxasında sionistlər dayanır. Çünki Hacı Əli hakimiyyətə qarşı yox, hər zaman sionistlərə və İslam düşmənlərinə qarşı şüarlar söyləyib”.
Kənd sakinləri ümid edirlər ki, yaradılmış müdafiə komitəsi sivil yolla insidenti həll edəcək və yaxın zamanlarda Hacı Əli öz ailə ocağına qayıdacaq.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Oct 04