Azərbaycan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 141 min manata yaxın ziyan vurmuş şəxslər ifşa edilərək yaxalanıblar. Bu barədə bazar ertəsi MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Məlumata görə, Azərbaycan vətəndaşı Şeyxov Fərid Fəxrəddin oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rusiya Federasiyasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstəriblər.
Məlum olub ki, 2010-cu ilin mart ayında Fərid Şeyxov və qeyriləri "Azercell Telecom" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb, külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Onlar xaricdə istehsal olunmuş xüsusi "GSM" texniki avadanlıqlarını əldə edərək, 2010-cu ilin mart ayının sonlarında Bakı şəhərinin Nəsimi rayonunda kirayə götürdükləri mənzildə, əlavə olaraq eyni tipli digər avadanlıqları isə Bakı şəhərinin Yasamal rayonundakı mənzildə quraşdıraraq qanunsuz fəaliyyət göstərməyə başlayıblar. Fərid Şeyxov və qeyriləri "Azercell Telecom" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 112 ədəd "GSM" mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra internetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub. Müəyyən edilib ki, Fərid Şeyxov və qeyrilərinin qanunsuz təşkil etdikləri beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 118 min manata yaxın ziyan vurulub.
Qeyd olunan kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı alınıb.
Belə ki, 2010-cu il avqust ayının əvvəlində Türkiyə Respublikasının vətəndaşları - Yılmaz Yakup Bekir oğlu, Mihaliç Harun Hasan oğlu və qeyriləri "Azercell Telecom" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb, külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giribər. Bundan sonra, adları çəkilən şəxslər və qeyriləri xaricdə istehsal olunmuş müxtəlif markalı "GSM" kanalpaylayıcılarını Harun Mihaliçin yaşadığı Bakı şəhərinin Yasamal rayonundakı mənzildə, 2010-cu ilin avqust ayının ortalarında isə əlavə bu tip digər avadanlıqları Bakı şəhərinin Xətai rayonunda kirayə götürdükləri otaqda icazəsiz quraşdırıb, habelə internet kanalı icarə edərək qanunsuz fəaliyyət göstərməyə başlayıblar.
Bu hüquqazidd əməllərini davam etdirən Yılmaz Yakup, Harun Mihaliç və qeyriləri "Azercell Telecom" MMC-yə məxsus 56 ədəd "GSM" mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra internetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Müəyyən edilib ki, bu qanunsuz fəaliyyət nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 23 min manatdan artıq ziyan vurulub.
Həyata keçirilmiş bu əməliyyat-axtarış tədbirləri nəticəsində informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri vərdişlərə malik şəxslərin qanunsuz sahibkarlıq fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda, həmin rabitə şəbəkəsindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb.
“Aran” İA