İlham Əliyev tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq ...
Azərbaycan servisi/Aran agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, 4 oktyabr tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yəhudi icmalarını təmsil edən heyəti qəbul edib. Yəhudilərdən ibarət heyət Bakıda yəhudi məktəbinin açılışı münasibətilə respublikamıza gəliblər.
Prezident İlham Əliyev tarixən ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dinc yanaşı yaşadığını xüsusi vurğulayaraq qeyd edib ki, bu ənənə indi də uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır. Dövlət başçısı yəhudi məktəbinin timsalında milli azlıqlar üçün ölkəmizdə reallaşdırılan layihələrin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib. O, Azərbaycandakı müxtəlif dini icmaların azad fəaliyyəti üçün həyata keçirilən tədbirlərə bir daha toxunaraq bu baxımdan Bakıda yeni sinaqoqun inşa olunduğunu qeyd edib.
MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev qonaqpərvərliyə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, Azərbaycanda bütün xalqlara, milli azlıqlara, o cümlədən yəhudilərə daim yaxşı münasibət bəsləndiyini deyib.
İsrailin baş ravvini Şlomo Amar isə Azərbaycana ilk səfərinin onda zəngin təəssürat doğurduğunu söyləyib. O, respublikamız ilə ilk tanışlığından prezident İlham Əliyevin siyasətində insan amilinin başlıca meyar olduğu qənaətinə gəldiyini deyib. Baş ravvin paytaxtda yeni sinaqoqun inşa olunması ilə bağlı bütün yəhudilər adından dövlət başçısına minnətdarlığını bildirib, Bakıda tikilən yeni yəhudi məktəbinin də ən müasir tələblərə cavab verdiyini deyib.
Rusiyanın baş ravvini Berl Lazar da Azərbaycandakı tolerantlığın nümunəvi xarakter daşıdığını və bu təcrübənin yayılmasının zəruriliyini vurğulayıb.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen isə ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini vurğulayıb.
“Yeni Şərq”