Azərbaycan Respublikası 2011-ci ildə dövlət büdcəsindən Silahlı Qüvvələr, qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələr
Azerbaijan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası 2011-ci ildə dövlət büdcəsindən Silahlı Qüvvələr, qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələr və hərbiləşmiş qurumların maliyyələşdirilməsinə 2 630 169 341 manat (təxminən 3 mlrd. 287 mln. dollar) vəsait ayıracaq.Bu haqda APA məlumat yayıb. Məlumatda bildirilir ki, bura büdcənin “müdafiə xərcləri”, “məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanları” və digər funksional bölmələrindən maliyyələşdirilən Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Feldyeger Xidməti daxildir.
Büdcədə müdafiə xərcləri üzrə Müdafiə Nazirliyinə 855 416 839 manat, DSX-ya 89 306 570 manat, hərbçilərin əmək haqlarının və pensiyalarının verilməsinə 43 023 292 manat, silahlı qüvvələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə 39 043 919 manat, MTN-ə 83 303 463 manat, MSN-ə müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2 200 246 manat və digər kateqoriyalar üzrə 2 656 571 manat vəsait nəzərdə tutulur. Bundan əlavə olaraq, dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün xərclər 1 mlrd. 087 mln. manat proqnozlaşdırılır.
2011-ci ilin büdcəsindən Xüsusi Dövlət Mühafizə Xidmətinin saxlanılmasına 63 391 596 manat, Daxili Qoşunların saxlanılmasına 61 157 395 manat, Dövlət Feldyeger Xidmətinin saxlanılmasına 2 315 236 manat, FHN-in saxlanılmasına 91 243 964 manat yönəldiləcək. Növbəti ilin büdcəsində də 2010-cu ildə olduğu kimi, Şimali Atlantika Təşkilatı çərçivəsində keçirilən Sülh Naminə Tərəfdaşlıq proqramı və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində keçirilən tədbirlər üçün vəsait nəzərdə tutulmayıb.
“Aran” İA