Azerbaijan servisi/Aran agentliyi
“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində ABŞ-da təhsil almaq istəyən azərbaycanlı gənclər üçün xüsusi təhsil yarmarkası keçirilib. “ABŞ təhsil yarmarkası–2010” adlı tədbirin əsas təşkilatçıları Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi, ABŞ-da Təhsil Şəbəkəsi və Bakı Təhsil Məlumat Mərkəzidir.
ABŞ-ın tanınmış ali məktəbləri - Cənubi Karolina, Talsa, Linn, Nyu-York Plattsburq Dövlət universitetlərinin, Hult İnterneşnl Biznes Məktəbi və Bergen Komyuniti Kollecinin təmsil olunduqları tədbirdə Azərbaycan və Amerikanın müxtəlif universitetlərinin məzunları iştirak edib. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə təcrübələrini bölüşmüş, ABŞ-da təhsil imkanları barədə məlumat verib.
“Aran” müxbirinin təhsil yarmarkasından verdiyi məlumata görə, hazırlanmış proqramdan məqsəd azərbaycanlı gəncləri ABŞ təhsil mərkəzlərində təhsil almağa təşviq etmək olub. Burada ziyarətçilərə müxtəlif ali məktəblərin fəaliyyətini əks etdirən buklet və materiallar təqdim olunub.
Tədbir təşkilatçıları bu vasitənin “effektiv” olduğu və gənclərin Qərb təhsilinə meyllənməsi yönündə təsirli olduğu qənaətindədirlər.
“Aran” İA