Tarix : 2010 Oct 12
Kod 19180

Bakıda ermənilərin iştirakıyla tədbir keçirilir

Ermənistanın İnqilabçı “Daşnaksutyun” Partiyasının təmsilçiləri solçu partiyaların beynəlxalq ittifaqı olan Sosialist İnternasionalının (“Sosintern”) MDB ölkələri...
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə,Ermənistanın İnqilabçı “Daşnaksutyun” Partiyasının təmsilçiləri solçu partiyaların beynəlxalq ittifaqı olan Sosialist İnternasionalının (“Sosintern”) MDB ölkələri, Qafqaz və Qara dəniz ölkələri regional Komitəsinin oktyabrın 11-12-də Bakıda keçiriləcək toplantısında iştirak edəcəklər. APA-nın məlumatına görə, bu barədə “Sosinter”nin baş katibi Luis Ayala bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Beləliklə, günlərdən bəri Azərbaycan mətbuatında erməni heyətinin Bakıda təşkil olunacaq tədbirə qatılacağı haqda gedən məlumatlar rəsmən öz təsdiqini tapdı.

KİV-lərin məlumatına görə, erməni nümayəndə heyəti üç nəfərdən ibarət olacaq – Mario Nalbəndyan, Kiro Manoyan və Gevorq Sianosyan. Onlar Bakıya sabah gələcəklər.

Luis Ayalanın sözlərinə görə, toplantıda Moldova, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Ukrayna və Belarusdan da nümayəndələr iştirak edəcəklər. Bundan başqa, İsveç, Macarıstan və Yunanıstandan təmsilçilər toplantıya müşahidəçi qismində qatılacaqlar.

Luis Ayala qeyd edib ki, Bakıda keçiriləcək toplantı ikinci olacaq. İlk toplantı bu ilin iyununda İrəvanda keçirilib. Həmin toplantıda “Sosintern”in üzvü olan Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə də iştirak edib.

Baş katib toplantının Bakıda keçirilməsinə şərait yaratdığına görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü çatdırıb: “İlham Əliyevin qonaqpərvərliyi və səmimiliyi məni təəccübləndirdi. Məncə, prezident Əliyev təkcə regionu deyil, həm də beynəlxalq durumu yaxşı bilən bir insandır”.

Qeyd edək ki, milliyyətçi mahiyyəti daşıyan erməni “Daşnaksutyun” Partiyasının təmsilçilərinin Bakıya gəlməsinə qarşı bir sıra ictimai təşkilatlar öz qəti etirazlarını bildiriblər. Buna rəğmən, rəsmi Bakı tədbirə ermənilərin qatılmasına “yaşıl işıq yandırıb”.

 

“Aran” İA

  

  • Yazılıb
  • da (də) 2010 Oct 12