Tarix : 2010 Oct 13
Kod 19191

AZƏRBAYCANDA İNVESTİSİYAYA EHTİYACI OLAN SAHƏ

Qadir İbrahimli: ''Hesab edirəm ki, ölkəmizdə aqrar sektora ciddi şəkildə böyük investisiyalar qoyulmasa, bu sahədə dinamik inkişaf getməsə, digər sahələrdə də vəziyyət ürəkaçan olmayacaq''
Azərbaycan servisi/Aran agentliyi

 Bildiyimiz kimi Azərbaycan respublikasının büdcəsi əsasən neft gəlirləri hesabına formalaşır. Belə ki, təbii sərvətlərlə zəngin olan ölkəmiz iqtisadiyyatı nöqteyi-nəzərindən gözünü ancaq qara qızıla dikib. Bu da müsbət vəd etmir. Ekspertlər hesab edirlər ki, belə getsə, ölkə dərin iqtisadi uçurumla üzləşə bilər. Təxmin edilən neft quyuları tükənərsə, əlbəttə gözünü yalnız ona zilləmiş dövlətin gəlir mənbəyi də qurumalıdır. Ona görə də bu, vəziyyəti əvvəlcədən proqnozlaşdıran iqtisadçılar neftdən gələn gəlirləri digər sahələrə yatızdırmaq təklifini verirlər. Bu sahələrdən ən əlverişlisi isə kənd təsəsərrüfatının inkişafıdır. 
Hələ sovetlər dövründə neftlə eyni gəlir gətirən əkinçilik və maldarlıq sahələri demək olar ki, müstəqillik dönəmində ölü sahələrə çevrilib. Xatırladım ki, əkinçilik üçün ölkəmiz böyük münbit əraziyə və geniş imkanlara malikdir. Elə buna görə də ekspertlər hesab edirlər ki, Azərbaycanda investisiya yatızdırmaq üçün ən əlverişli sahə məhz aqrar sahəsidir. Bu dediklərimizi “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli də təsdiq edir. O, FaktXeber.com-a bildirdi ki, Azərbaycan aqrar sahə inkişaf etdirilməlidir: “Hesab edirəm ki, bu gün Azərbaycanda daha çox investisiya aqrar sahəyə qoyulmalıdır. Çünki, fəaliyyətdə olan əhalinin təqribən 40 faizi aqrar sektorda çalışır. Yəni aqrar sektora qoyulan informasiyaların real ehtiyyat fondu çox azdır. Bu mənada düşünürəm ki, investisiya aqrar sektora qoyularsa daha müsbət nəticələr gözləmək olar”.
Ekspert qeyd etdi ki, “Güzəran” Sosial Araşdırmalar Mərkəzi bu istiqamətdə geniş  araşdırmalar aparıb: “Aqrar sektora ciddi şəkildə böyük investisiyalar qoyulmasa, bu sahədə dnamik inkişaf getməsə digər sahələrdə də vəziyyət ürəkaçan olmayacaq. Çünki, aqrar sektor bütün sahələri əhatə edir. Bu barədə hökumət ciddi düşünməli və zəruri addımlar atmalıdır”.

  • Yazılıb
  • da (də) 2010 Oct 13