Tarix : 2010 Oct 13
Kod 19194

DÜNYADA ZİYALI, AZƏRBAYCANDA İSƏ ''SAXTAKAR''

Vüqar Bayramov məruz qaldığı özbaşınalıqlarla bağlı Prezidentə müraciət edib
Azərbaycan servisi/Aran agentliyi

 

Tanınmış iqtisadçı-alim Vüqar Bayramov 83 saylı Ağcabədi-Füzuli dairəsində üzləşdiyi qanunsuzluqlarla bağlı ölkə prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətlə bağlı FaktXeber.com-a da açıqlama verən iqtisadçı alim seçki prosesində haqsızlıqlara məruz qaldığını söylədi. V.Bayramov qeyd etdi ki, Ağcabədi icra hakimiyyətinin başçısı prezidentin seçkinin demokratik və azad keçirilməsi ilə bağlı göstərişlərinə zidd olaraq, seçki prosesinə birbaşa müdaxilə edərək seçkinin nəticələrini öncədən müəyyələşdirməyə çalışır. İqtisadçı bildirdi ki, məhz yerli icra hakimiyyəti prosesə müdaxilə edərək namizədliyinin qeydə alınmasına imkan verməyib: “İmzayığma prosesinə özüm şəxsən nəzarət edərək imzaların Seçki Məcələsinin tələblərinə uyğun həyata keçirilməsinə çalışmışam. DSK qanunsuz və Sizin demokratik inkişaf ilə bağlı göstərişlərinizə zidd olaraq, bəzi imzaların oxşar olması ilə bağlı qərar qəbul edərək namizədliyimin qəbulu üçün 25 yetərli imzanın çatmadığını bildirmişdir. Hətta seçici kimi mənə imza verən yaxın qohumlarımın imzaları da  qanunsuz olaraq “saxta” elan edilmişdir. İmzası “saxta” elan olunanlar öz imzalarını təsdiq etməyə hazırdırlar. Seçkinin demokratik keçiriləcəyi ilə bağlı Sizin siyasi iradənizin olması seçkidə iştirakla bağlı qərar verməyimə səbəb olub”.
Müraciətdə o da vurğulanıb  ki, iqtisadçı  Corc Vaşinqton Universitetinin 2010-cu il üçün hazırladığı, ölkə başçısının adınının da qeyd edildiyi “Dünyanın ən nüfuzlu 500 müsəlmanı” siyahında “inkişaf və elm” kateqoriyası üzrə Azərbaycanı təmsil edir. Onun iqtisadiyyatla bağlı əsərləri dünyada 25 xarici dilə tərcümə olunub. Həmçinin V.Bayramov iqtisadi inkişafa töhvə vermək məqsədi ilə iqtisadiyyatın müxtəlif sektorları üzrə təkliflər paketi hazırlayaraq, Azərbaycan hökumətinə təqdim edib.
Müraciətin sonunda iqtisadçı alim prezidentin gənc-alimlərə qayğısının olduğunu nəzərə alaraq, sözügedən qanunsuzluğun aradan qaldırılmasında ölkə başçısının yardımına əminliyini bildirib.
Xatırladaq ki, ölkəmizi Böyük Britaniya Kral Akademiyasında təmsil edən Vüqar Bayramov adı ABŞ-da nəşr edilən dünya ensklopediyasına daxil edilən yeganə azərbaycanlı iqtisadçıdır.

Maraqlıdır ki, bütün dünyada iqtisadçı alim kimi tanınan Vüqar Bayramov çox gülünc bir ittihamla üzləşib. Azərbaycan hakimiyyətinin yerli icra orqanları onu 25 imzanı saxtalaşdırmaqda ittiham etməklə, əslində özlərini gülünc vəziyyətə salıblar. Dünyada Azərbaycanın adını təmsil edən bu cür alimlərin ölkə daxilində niyə sıxışdırılması barədə danışmaq isə mənasızdır.

Görünür Azərbaycan hakimiyyəti ötən seçkilərdə olduğu kimi, bu dəfə də bütün mövcud qanunları, ən kütləvi saxtakarlıqlara yol verib, Azərbaycanın adını Avropa Məhkəməsində təmsil etmək niyyətindədir.

 

  • Yazılıb
  • da (də) 2010 Oct 13