Tarix : 2010 Oct 13
Kod 19195

ERMƏNİLƏRİN BAKIYA GƏLİŞİ QADAĞANDIR

Akif Nağı: ''Bu, ona görədir ki, Ermənistan Azərbaycana qarşı hərbi cinayət törədib''
Azərbaycan servisi/Aran agentliyi

“Hər halda ermənilərin Azərbaycana gəlişi yolverilməzdir. Hər bir vətəndaş bunun qarşısını almalı və bacardığı qədər etiraz etməlidir ki, onların ayağı ölkəmizə dəyməsin” – bu sözləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Erməni İnqilabi Federasiyası Daşnaksutyunun Büro üzvü Mario Nalbandyan və Daşnaksutyunun siyasi məsələlər üzrə ofisinin, eləcə də “Ay-Dat”ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan Azərbaycana gəlişinə etiraz olaraq, FaktXeber.com-a bildirdi.

A.Nağı hesab edir ki, adı terror hadisələrində çəkilən partiya təmsilçilərinin ölkəmizə gəlişi əslində başa düşülən deyil: “Bu, ona görədir ki, Ermənistan Azərbaycana qarşı hərbi cinayət həyata keçirib. Minlərlə vətəndaşını şəhid, torpaqlarını işğal edib və sözün əsl mənasında azərbaycanlılara görünməz acılar yaşadıb. Hər halda sadə ermənidən tutmuş, siyasi partiya təmsilçisinə qədər hər bir erməni adı daşıyan şəxsin Bakıya gəlişi qadağandır. Eyni zamanda bu şəraiti yaradanlar və erməniləri ölkəmizə dəvət edənlər cəzalanmalıdırlar”.

Akif Nağı etiraz aksiyasının keçirildiyini də bildirdi: “ Hal-hazırda QAT, Daşnaksutyun təmsilçilərinin Azərbaycana gəlməsinə etiraz olaraq aksiya keçirmək istəyir. Bunun üçün hazırlıq işləri görülür və biz ermənilərin Bakıya gəlişini qəti şəkildə pisləyirik. BeləlikləQAT-ın bir qrup üzvü Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə Bakıda keçirilən regional toplantısının baş tutduğu Bakı Biznes Mərkəzinin binası qarşısına toplaşıb, etiraz səslərini ucaltmaq istəyirlər”.

QAT Sosialist İnternasionalının Bakıda keçirilən iclasına erməni sosial-demokratlarının-daşnaklarının dəvət olunmasını qətiyyətlə pisləyir. Ermənistanın hər hansı nümayəndəsinin Bakıda keçirilən tədbirlərə dəvət olunması Azərbaycanın torpaqlarını zəbt etmiş və hələ də işğal altında saxlayan düşmən ölkənin maraqlarına xidmət edir – deyə, bildirənA.Nağı əlavə etdi: “Beynəlxalq təşkilatlar işğalçı Ermənistanı himayə edərək işğal faktı aradan qalxmadığı halda Azərbaycan və Ermənistan cəmiyyətlərini barışdırmağa, qarşılıqlı səfərləri təşkil etməyə çalışırlar. Bu isə işğalçı Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinin unutdurlmasına, işğalın davam etdirilməsinə xidmət edir. Biz hesab edirik ki, torpaqlarımız işğal altında qaldığı halda bu cür barışıq və üzdəniraq “xalq diplomatiyası” təşəbbüslərinə imkan verilməməlidir. Azərbaycanın sosial-demokratları bu təşəbbüslərə dəstək verməklə ölkənin milli maraqlarına xəyanət edir və erməni siyasətinə, erməni daşnaklarına xidmət edirlər”.

A.Nağı Azərbaycan Sosial Demokrat Partiyasını da hədələdi: “Sosinterin rəhbərlərinə və Azərbaycan sosial-demokratlarına bir daha xatırladırıq ki, özünü sosial-demokrat adlandıran erməni daşnakları insanlığa qarşı nifrət və düşmənçilik ideologiyası üzərində formalaşmış, azərbaycanlılara, bütün türk dünyasına qarşı yüzlərlə qanlı terror aktı törətmiş, minlərlə insanı qətlə yetirmiş və bu gün də Azərbaycana qarşı işğal və əsassız ərazi iddiaları ilə çıxış edən terrorçu qüvvə olaraq qalır. Onların təşkilatlarını çoxdan qadağan etmək lazım idi. Biz erməni nümayəndələrinin Bakıda keçirilən tədbirə dəvət olunmasını bir daha qətiyyətlə pisləyir, onların tədbirə buraxılmamasını və dərhal ölkədən qovulmasını tələb edirik. Biz öz növbəmizdə onların ölkəni dərhal tərk etməsi üçün bütün vasitələrdən istifadə edəcəyik”.

Azərbaycan hakimiyyətinin Qarabağ siyasətini başa düşmək olmur. Bu hakimiyyətin başında duranlar xarici qüvvələrə satılıb və öz postlarını qorumaq üçün onların göstərişi ilə hərəkət edirlər. Ona görə də Qarabağ münaqişəsinin həllində bunlardan nəsə gözləmək düzgün deyil – A.Nağı bildirdi.

  • Yazılıb
  • da (də) 2010 Oct 13