Tarix : 2010 Oct 14
Kod 19202

Azərbaycan-İran qarşılıqlı münasibətləri: irəliyə doğru daha bir addım

Öncədən də bildirildiyi kimi, Əhməd Vəhidinin azərbaycanlı həmkarı ilə yanaşı digər dövlət rəsmiləri ilə də görüşləri nəzərdə tutulurdu
Azərbaycan servisi/Aran agentliyi

oktyabr tarixində İran İslam Respublikasının müdafiə naziri, briqada generalı Əhməd Vəhidi Azərbaycana iki günlük səfəri başlayıb. O, Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin dəvəti ilə Bakıya gəlib.

Öncədən də bildirildiyi kimi, Əhməd Vəhidinin azərbaycanlı həmkarı ilə yanaşı digər dövlət rəsmiləri ilə də görüşləri nəzərdə tutulurdu. KİV-lərin yaydığı məlumata görə, iranlı qonağın görüşləri nəzərdə tutulandan da geniş əhatəli olub. Ekspertlər hesab edirlər ki, iranlı generalın Azərbaycana səfərini iki ölkə arasında olan münasibətlərin inkişafına doğru atılmış addım kimi də xarakterizə etmək olar. Hər halda, briqada generalının səfəri çərçivəsində Azərbaycanla İran arasında aktuallıq kəsb edən bütün məsələlər ətrafında müzakirələr aparılıb.

 Prezident İlham Əliyev İranın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 Azərbaycan Prezidenti İlham Əliyevoktyabrın 11-də İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, əməkdaşlığımızın çoxşaxəli olmasının göstəricisidir. Dövlətimizin başçısı digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, İran prezidentinin Azərbaycanın dövlət başçısına çox böyük ehtiram bəslədiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd edən Əhməd Vəhidi qarşılıqlı səfərlərin son vaxtlar mütəmadi xarakter daşıdığını deyib və bunu ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

 İranın müdafiə naziri Azərbaycan torpaqlarının işğalını pislədi

 Elə həmin gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlı nazir İranla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Nazir iki ölkə arasında iqtisadi əlaqələrin, yüksək səviyyədə olan siyasi əlaqələr səviyyəsinə çatdırılmasının zəruriliyini də qeyd edib.

İranın müdafiə naziri Azərbaycanın İrana qardaş ölkə olduğunu vurğulayaraq, Azərbaycan torpaqlarının işğalını pisləyib, Azərbaycan qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə dönəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Elmar Məmmədyarov qonağa Ermənistan-Azərbaycan Dağlıq, Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıqlar barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 İlham Əliyev İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 Azərbaycan Prezidenti İlham Əliyevoktyabrın 11-də başqa bir iranlı heyəti - İslam Respublikası xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Məhəmməd Mehdi Axundzadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Azərbaycan prezidenti Azərbaycanla İran arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsinin Xəzərlə bağlı məsələlərin də həllinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Xəzəryanı ölkələrin Bakıda keçiriləcək zirvə görüşünə toxunan Prezident İlham Əliyev bu sammitin nəticələrinin müsbət olacağına əminliyini ifadə edib.

İran İslam Respublikası xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Axundzadə prezident Mahmud Əhmədinejadın və İran xalqının salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, yeni vəzifəyə təyin olunandan sonra ilk səfərini Azərbaycana etməsindən fəxr hissi keçirdiyini deyib.

 İran və Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsi ümumi dinə əsaslanır – spiker Əli Laricani

 İran və Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsi ümumi dinə əsaslanır. İran parlamentinin spikeri Əli Laricanibelə hesab edir.

İranın Azərbaycan ilə əla münasibətləri var, bizim dostcasına baxışlarımız var, bizi ümumi tarix birləşdirir”, - Astanada mətbuat konfransında Qazaxıstanda ikigünlük səfərdə olan Laricani bildirib.

Spikerin sözlərinə görə, İran Xəzər regionunun bütün ölkələri ilə dostluq münasibətləri qurur. “Bizm Azərbaycan ilə mehriban qonşuluq münasibətlərimiz və mövqelərimiz Xəzər məsələsində də üst-üstə düşür”, - Laricani qeyd edib.

Qeyd edək ki, iranlı spiker mətbuat konfransında əməkdaşlıq etdikləri başqa heç bir dövlət haqqında belə yüksək fikirlər söyləməmişdir.

Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistan rəsmilərilə görüşlər keçirən spiker Laricani açıq şəkildə “Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər” fikrini söyləmişdir. Ermənilər isə bu sözlərin müqabilində “dərinə getməməyə” üstünlük verib, mövzudan yayınmışlar. Yaxın günlərdə İran parlamentinin spikerinin ölkəmizə səfəri gözlənilir. Səfər zamanı işğal olunmuş ərazilərimiz haqda da müzakirələrin aparılacağı nəzərdə tutulur.

 İranın irəli sürdüyü ən yeni təkliflər –ən yeni silahlar

 General Vəhidinin səfəri əsnasında “Yeni Müsavat” qəzeti belə bir məlumat yaydı ki, İran İslam Respublikası Azərbaycana ən yeni silahlar təklif edib. Təklif İranın müdafiə nazirinin Bakıya səfəri zamanı irəli sürülüb.

İranlı nazir bildirib ki, “İranın Azərbaycanla hərbi sahədə ikitərəfli əlaqələrin genişlənməsi barədə əvvəl də müəyyən razılaşmaları olub. Bu səfər zamanı isə bu əlaqələrin genişlənməsi, əməkdaşlığın yüksək həddə çatdırılması məsələlərini müzakirə edəcəyik. Yeni sənədlər də imzalana bilər”.

Qəzet bildirib ki, Rusiya mənbələrinin xəbərlərinə görə, İran Azərbaycana öz hərbi sənayesinin istehsalı olan bəzi yeni silahlar təklif edir. Bunların arasında “Yer-Yer” tipli raketlər, tank əleyhinə qurğular və reaktiv artilleriya qurğuları da yer alır. 2005-ci ildə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın başlamasından sonra Azərbaycan İrandan bəzi silahlar almağa başlayıb. Həmçinin bəzi silah və hərbi texnikanın birgə istehsalına dair müzakirələr gedir. Lakin son təkliflər mövcud əlaqələrin daha geniş spektorda inkişafına zəmin yaradır. Bu təkliflərin gerçəkləşəcəyi təqdirdə, İranla Azərbaycan arasında hərbi sahədə regionda analoqu olmayan ilişkilər bərqərar olacaq ki, bu da ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirmiş olacaq.

Beləliklə, regionumuzda yeni geosiyasi şəraitin formalaşması müşahidə olunur. Azərbaycanla İran bu prosesin əsas oyunçuları kimi xarakterizə edilə bilər. Eyni tarixi və mədəni köklərə malik bu iki dövlət arasında əlaqələrin inkişafı isə onların hər ikisinin milli maraqlarına uyğundur. Bundan yalnız düşmənlərimiz məyus olmaqdadırlar və artıq bunu gizləmədən, dilə gətirirlər.

Yuxarıda deyilənlərin fonunda İrandan ölkəmizə gələn son heyətin səfərini Azərbaycan-İran qarşılıqlı münasibətləri baxımından irəliyə doğru atılmış addım kimi xarakterizə etmək və onu təqdirəlayiq hesab etmək olar. Bu ilin sonunadək İran parlamentinin rəhbəri Əli Laricaninin, daha sonra isə prezident Mahmud Əhmədinejadın da ölkəmizə səfər edəcəklərini nəzərə alsaq, bu əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini proqnozlaşdırmaq olar.

 

 

 

Elmar,

Yeni Şərq” Araşdırmalar Mərkəzi

  • Yazılıb
  • da (də) 2010 Oct 14