Tarix : 2010 Oct 13
Kod 19203

“Azadlıq” qəzetinin direktoru istefa verdi

Buna səbəb internetdə onun əxlaqsızlıq səhnəsinin yayılması olub
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikasının tanınmış müxalifət qəzeti olan “Azadlıq”ın direktoru Azər Əhmədov tutduğu vəzifədən istefa verib.

Bildirilir ki, direktorun istefasına səbəb oktyabrın 12-də “Facebook” sosial şəbəkəsində onun bir xanımla yataq səhnəsinin yayılması olub.

“Azadlıq” Radiosuna açıqlamasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib ki, artıq Əhmədovun istefası qəbul edilib:

“Azər baş verənlərin ona qarşı təxribat olduğunu dedi. Bildirdi ki, təxribatın “Azadlıq” qəzetinə qarşı istifadə olunmasına yol verməmək üçün istefa verir. Biz də istefanı indiki halda daha məqbul sayaraq qəbul etdik. Ancaq məsələnin mahiyyəti ilə ətraflı tanış deyiləm. Bilmirəm ki, bu necə baş verib, ya ümumiyyətlə baş veribmi? Azər Əhmədovla görüşmək üçün çalışıram”.

Azər Əhmədovun özü isə məsələ ilə bağlı jurnalistlərə hər hansı açıqlama vermək istəmədiyini deyib.

Beləliklə, Azərbaycan Respublikasında parlament seçkiləri ərəfəsində aparıcı müxalifət qəzetlərindən olan “Azadlıq” nüfuzuna mənfi təsir edəcək ciddi problemlə üzləşərək, öz direktorunu itirdi. Azər Əhmədovu bu vəzifədə kimin əvəz edəcəyi isə hələ ki, bəlli deyil.

               

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 13