Tarix : 2010 Oct 13
Kod 19204

Xəzərdə İranla Azərbaycanın birgə hərbi təlimlər keçirilə bilər

İran Xəzər dənizində Azərbaycanla, həmçinin digər sahil ölkələri ilə bir yerdə hərbi təlimlər keçirə bilər
Azərbaycan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, İran Xəzər dənizində Azərbaycanla, həmçinin digər sahil ölkələri ilə bir yerdə hərbi təlimlər keçirə bilər. Azərbaycan KİV-lərində yayılan məlumata görə, bu barədə Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran İslam Respublikasının müdafiə naziri general Əhməd Vəhidi bildirib.

İranlı nazir qeyd edib ki, belə təlimlər bölgədə sülhün və asayişin qorunmasına xidmət etməyə yönəlir.

İranın son illər Xəzər dənizindəki hərbi qüvvələrini yeni gəmilərlə gücləndirməsinin bölgədə qüvvələr balansına təsiri ilə bağlı sualı cavablandıran nazir bunun Xəzər regionunda sabitliyi pozmayacağını qeyd edib: “İran Xəzər dənizini sülh, təhlükəsizlik və dostluq dənizi sayır. Bizim fəaliyyətimiz də buna yönəlib. Sahil ölkələri ilə yaxşı münasibətlərimiz var və bu addımlar hamı ilə razılaşdırılıb”.

İranlı nazir Azərbaycana səfərinin yekunları ilə bağlı məlumat verərək bildirib ki, səfər uğurlu keçib, görüşlərdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 13