IIR servisi/Aran agentliyi
“Yeni Şərq”in verdiyi məlumata görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Livan səfəri İsraili özündən çıxarıb. Bu haqda ANS-PRESS məlumat yayıb. Məlumatda bildirilir ki, İsrailin baş naziri Binyamin Netanyahu İran prezidentinin Cənubi Livanda, İsrail sərhədlərinə yaxın Bint Cəbəldə “siyonistlərin yox olacaqları” barədə verdiyi bəyanata sərt reaksiya verib.
“Bu gün Livan sərhədlərindən təhqir və iyrəncliklər eşitdik. Bu təhqirlərin cavabı 62 il əvvəl verilib”, - deyə Netanyahu İsrail dövlətinin yaradılmasına işarə edib.
“O gündən bu yana etdiklərimiz və yaratdıqlarımızla İsrail xalqının necə bir millət, necə bir dövlət və orduya sahib olduğuna baxın. Ölkəmizin inkişafını, təşəkkülünü davam etdirəcəyik və müdafiəyə də hər zaman hazır olacağıq”, - Netanyahu əlavə edib.
Livan səfəri zamanı İsrailin İran prezidentinə sui-qəsd etməyi düşünüb-düşnmədiyi barədə sula baş nazir konkret cavab verməyib. “Ölkəmizi qorumaq üçün nə edilməsi lazım olduğunu məntiq çərçivəsində düşünərik”, - deyə Netanyahu sualdan yayınıb.
Xatırladaq ki, Livana rəsmi səfəri çərçivəsində prezident Əhmədinejad ölkənin əvvəllər İsrailin işğalı altında olmuş cənub bölgələrini ziyarət edib. Bu ərazilər “Hizbullah” müqavimət hərəkatı tərəfindən azad edilib. Burada İran prezidentini xüsusi hərarətlə qarşılayıblar. Əhmədinejad yerli əhalilə görüşləri zamanı etdiyi çıxışında bəyan edib ki, “İsrail dərin böhran içindədir və Fələstində özünə dövlət qurmaq istəyən sionistlər artıq öz planlarının iflasa uğradığının, günü-gündən sionist rejimin zəiflədiyinin şahidi olurlar. Özgə torpaqlarda dövlət qurmaq mümkünsüzdür və hadisələr göstrərir ki, İsrail yaxın gələcəkdə öz içindən dağılıb, yox olacaq”.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Filif Kraveli İranın regiondakı nüfuzuna görə ölkəsinin rahatsız olduğunu və prezident Əhmədinejadın Livana səfərini diqqətlə izlədiklərini bəyan edib.
Bu gün Əhmədinejadın Livana rəsmi səfəri sona çatıb və o, səhər saatlarında ölkəsinə qayıdıb.
“Yeni Şərq”