Tarix : 2010 Oct 17
Kod 19233

Bakıda İran məhsullarının beşinci beynəlxalq sərgisi açılıb

İslam Respublikasının müxtəlif bölgələrindən 47 şirkət məhsul və xidmətlərini nümayiş etdirir
Azerbaijan servisi/Aran agentliyi

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, 16 oktyabrda Bakıda İran məhsullarının beşinci beynəlxalq sərgisi açılıb. Sərgidə İslam Respublikasının müxtəlif bölgələrindən 47 şirkət məhsul və xmidmətlərini nümayiş etdirir. Sərgidə yeyinti məhsullarından tutmuş,kənd təsərrüfatı texnikasına qədər müxtəlif mallara rast gəlmək mümkündür.

İranlı sahibkarlar bildiriblər ki, Azərbaycanda İran mallarını satmaq üçün yaxşı bazar var. Ölkə bazarında mal çeşidi geniş olsa da,bu İran sahibkarlarını çəkindirmir. Məsələn, İranda süd məhsulları və süfrə sularının istehsalı ilə məşğul olan sahibkar bildirib ki, onlar Azərbaycan bazarına ucuz mallar çıxarmaqla rəqabət apara bilərlər. Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov sərginin iki ölkə arasında ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsinə xidmət etdiyini bildirib.

Ticarət əlaqələrinin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulayan Niyazi Səfərov qeyd edib ki, burada İran sahibkarlarının məhsulları ilə tanış olub, onların iş təcrübəsini öyrənmək mümkündür: “Bu həm də vətəndaşlar üçün İran malları barədə məlumat almağa imkan verir”.

Sərgidə iştirak edən İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami iki ölkə arasında ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılması üçün imkanların olduğunu deyib. O, hər iki ölkənin rəhbərlərinin səyi nəticəsində buna nail olunacağına ümid etdiyini bildirib.

Səfir adətən Əl Oyunları Sarayında təşkil olunan ənənəvi İran sərgilərinin keçirilməsi üçün xüsusi yerin ayrıldığını, 2 ilə yeni sərgi kompleksinin istifadəyə veriləcəyini də deyib.

 

“Aran” İA

 

  

  • Yazılıb
  • da (də) 2010 Oct 17