Tarix : 2010 Oct 17
Kod 19234

Hakimin arvadını qətlə yetirən qadın həbs edildi

Qatil xanımın evindən xəzinə tapıldı
Azerbaijan servsi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Bakıda Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşı Natavan Mahmudovanı qətlə yetirməkdə şübhəli bilinən Xalidə Əhmədova həbs olunub. Nizami Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Xalidə Əhmədova əvvəllər də məhkumluq həyatı yaşayıb. Belə ki, istintaq yolu ilə müəyyən olunub ki, Xalidə Əhmədova bundan əvvəl Cinayət Məcəlləsinin 228-ci - qanunsuz silahsaxlama və 178-ci - dələduzıuq maddələri ilə  məhkum olunub. 

Xalidə Əhmədovanın evinə baxış zamanı onun evindən təxminən 2 kiloqram miqdarında qızıl və brilyant zinyət əşyaları, həmçinin 25 min manat məbləğində pul aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu qızıl-brilyantın və 25 min manatın Mahmudovların evindən oğurlanıb-oğurlanmaması araşdırılır.

Oktyabrın 16-sı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə məlumat yayıblar. Məlumatda deyilir ki, 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və diğər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib. N.Mahmudovanı qətlə yetirən X.Əhmədovanın yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 17