Tarix : 2010 Oct 17
Kod 19235

Gürcüstan Azərbaycanlıları Konqresi parçalanır

Gürcüstan Azərbaycanlılarının Konqresində (GAK) daxili ziddiyyətlər baş qaldırıb
Gürcüstan servsi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Gürcüstan Azərbaycanlıları Konqresinin Qurultaya hazırlıq komitəsinin sədri Kamil Əliyev bəyanat yayıb.Bəyanatda deyilir ki, 2008-ci il mart ayının 17-də təsis olunan GAK indi özünün növbədənkənar qurultayına hazırlaşır: “Gürcüstan Azərbaycanlılarının Konqresi bir neçə tədbirlər həyata keçirib ki, bunlar ictimaiyyət tərəfindən qəbul edilib. Lakin son bir ildə Konqresin sədri Əli Babayevin şəxsi bacarıqsızlığı və yarıtmaz fəaliyyəti nəticəsində Konqresin daxilində, sədr ilə Konqresin təsisçiləri arasında yaranmış qarşıdurma artıq ictimaiyyətdə və mediada müzakirə mövzusuna çevrilib. Yaranmış bu gərgin vəziyyəti aradan qaldırmaq, Gürcüstan Azərbaycanlıları Konqresini xalqa və dövlətə xidmət edən bir təşkilat formasına gətirmək üçün təsisçilər 2010-cu il noyabr ayının 27-də nöbədənkənar qurultayın çağırılması üçün qərar qəbul ediblər”.

Bəyanatda bildirilir ki, qurultaya hazırlıq üçün təşkilat komitəsi yaradılıb.

Məsələ ilə GAK sədri Əli Babayev Milli.Az xəbər portalına açıqlama verib. Sözügedən bəyanata münasibətini bildirən Ə.Babayev deyib ki, bir neçə nəfər növbədənkənar qurultay keçirə bilməz:

"Üç nəfərlik qrupun keçimək istədiyi növbədənkənar qurultayının heç bir hüquqi əsası yoxdur. GAK-ın 11 təsisçisi var və həmin 3 şəxs onlardandır. Həmin şəxslər 2 ildir ki, Konqresin işilə maraqlanmırlar. Çox təəssüf edirəm ki, həmin şəxslər Konqresin parçalanmasını sifariş edib, öz şəxsi maraqları olan şəxslərin göstərişini yerinə yetirirlər. Həmin şəxslər bir neçə aydır ki, “Ozan” qəzetində GAK-la bağlı ardıcıl təxribat xarakterli məqalələr də dərc edirlər" - deyə Ə.Babayev bildirib.

O, deyib ki, Kamil Əliyev GAK-ın təsisçilərindəın biridir, həmçinin Gürcüstan Respublikaçılar Partiyasının Marneulidəki nümayəndəliyinin rəhbəridir: "Həmin partiyada da Kamil Əliyev nüfuzunu itirib. Konqresin qərarı var ki, GAK təsisçisi heç bir partiyanın üzvü olmamalıdır. Xalqın gözü tərəzidir. Gürcüstan azərbaycanlıları GAK-ın sədrini yaxından tanıyır və Konqresin fəaliyyətini izləyirlər. Azərbaycan və Gürcüstan mediası da bizim fəaliyyətimizi işıqlandırır. Bəyan edirəm ki, GAK parçalanmayıb və yarandığı gündən qarşısına qoyduğu məqsədlərə çatmaq üçün durmadan fəaliyyət göstərir. Konqres öz huquqi əsası olan qurultayını keçirəcək və hər bir təsisçi öz hesabatını təqdim edəcək" - deyə Əli Babayev öz bəyanatında bildirib.

 

“Aran” İA

 

  • Yazılıb
  • da (də) 2010 Oct 17