Tarix : 2010 Oct 20
Kod 19257

Çeçenistan parlamentinə silahlı basqın: ölən və yaralananlar var

dünən səhər silahlılar Çeçenistan parlamentinə hücum edib. Nəticədə qan tökülüb, ölən və yaralananlar var
Qafqaz servisi/Aran agentliyi

 

“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, dünən səhər silahlılar Çeçenistan parlamentinə hücum edib. Nəticədə qan tökülüb, ölən və yaralananlar var. Qanlı olay deputatlar səhər işə gələn vaxt baş verib. Onların maşınlarının arxasınca parlament ərazisində içərisində terrorçuların olduğu başqa bir minik avtomobili də daxil olub. Maşında olan üç nəfərdən biri avtomobildən çıxaraq özünü partladıb, nəticədə iki nəfər ölüb. Digər iki nəfər isə atəş aça-aça parlament binasına soxulub.

Rusiyanın “İnterfaks” agentliyinin məlumatında isə bildirilib ki, əslində özünü iki silahlı partladıb, sağ qalan isə binaya girəprək atəş açmağa başlayıb. Lakin sonradan parlament binasına hücum edənlərin 3 deyil, 4 silahlı olduğu və onların hamısının binaya girdiyi barədə xəbər yayılıb.

Beləliklə, qanlı hadisə ilə bağlı ziddiyyətli xəbərlər yayılıb. Bildirildiyi kimi, terror aktı Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevin Qroznıya səfəri günü baş verib.

Terror aktı zamanı həlak olanların sayı barədə də fərqli xəbərlər yayılıb. Agentliklər terror aktı zamanı ən azı 4 mühafizəçinin və 2 hüquq-mühafizə orqanın əməkdaşının öldürüldüyü, 17 nəfərin isə yaralandığı xəbərini yayıb. Yaralıların 11 nəfəri mülki şəxs, 6-sı isə milis əməkdaşı olub. Lakin fərqli məlumatlar da verilir. Məsələn, Rusiya Prokurorluğu yanında İstintaq Komitəsi Çeçenistan parlamentinə 19 oktyabr hücumunda silahlılar 2 milis əməkdaşı, 1 mülki şəxsi öldürüldüyünü, 17 nəfərin isə yaralandığını açıqlayıb. Yaralananlar arasında parlament aparatının rəhbəri İskam Baykaxov da olub.

Çeçenistan prezidenti Ramzan Kadırov dərhal hadisə yerinə gəlib və şəxsən silahlıların məhv edilməsi əməliyyatına rəhbərlik edib. Parlamentin mülki personalı dərhal evakuasiya olunub və bina hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Çeçenistan Parlamentinin spikeri Dukuvaha Əbdürrəhmanov bir müddət parlamentin binasında qalıb, sonunda onu da oradan çıxarmaq mümkün olub. Əməliyyat nəticəsində bütün silahlılar öldürülüb.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov deyib ki, hakimiyyət dağlardakı silahlılarla ümumi dil tapmağa və onlarla sülh bağlamağa cəhd edir. Lakin o qeyd edib ki, terrorçuluq fəaliyyəti göstərən, nə müsəlmanlara, nə respublikaya xeyir gətirməyən və başqa ölkələrdən gənlər məhv edilməlidir. Onlar layiqli cəzalarını almalıdırlar. Ona görə ki, onlar başqa cür başa düşmürlər.

Terror aktı nəticəsində həlak olanların və zərər çəkənlərin ailələrinə isə maddi yardım göstəriləcək. Hazırda Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev də Çeçenistandadır və dünən Çeçen prezidenti Ramzan Kadırovla təcili iclas keçirib. Hadisə ilə bağlı Rusiya rəhbərliyinə məlumat verilib. Kreml hazırda Şimali Qafqazda silahlılarının müqavimətini qırmağa çalışır.

 

“Aran” İA

  • Yazılıb
  • da (də) 2010 Oct 20