Tarix : 2010 Oct 25
Kod 19303

İCRA BAŞÇILARININ YENİ PULYIĞMA METODU

Sənan Məmmədov: ''Açıq şəkildə dedilər ki, əgər 2000 AZN ödənilməsə, sənədlərin qəbulu mümkün deyil''
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un redaksiyasına Sənan Məmmədov adlı bir şəxs şikayət məktubu göndərib.
Məktubda deyilir: “Çox hörmətli FaktXeber.com kollektivi. Hər şeydən əvvəl sizi salamlayır və işlərinizdə uğurlar arzulayıram. Xahiş edirəm, mənim başıma gələnləri və gətirilənləri ictimailəşdirəsiniz. Belə ki, mənim Abşeron rayonu Digah kəndində 0.04 ha torpaq sahəm var. Xüsusi mülkiyyətim olan ərazidə yaşayış evi tikmək istəyirəm. Ona görə də Dövlət Baş Layihə İnstitutunun memarını dəvət etdik. O, da tikiləcək yaşayış evinin layihəsini hazırladı və rəsmi qaydada müvafiq orqanlar tərəfindən təsdiq etdilər. Sonra tələb olunan bütün sənədləri toplayıb tikintiyə sərəncam almaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Akif Əliyevin qəbulunda oldum. O, isə sənədləri qəbul etmədi və bunun üçün 2000 AZN ödənilməsinin vacibliyini bildirdi. Mən onun diqqətinə çatdırdım ki, “Dövlət Rusumu Haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan 60 AZN ödəmişəm. Sonra ödədiyim məbləğin qəbzini ona təqdim etdim. Akif Əliyev bildirdi ki, rayon icra başçısının yanında büdcədənkənar “İnkisaf və Bərpa fondu” yaradılıb. Sizə dediyim məbləği - 2000 AZN-i bank vasitəsi ilə ödəmək məcburidir. Bu məbləğ də rayonun sosial ictimai inkişafına yönəldilir. Mən başa düşmürəm nə vaxtdan rayonun sosial inkişafı sadə, dövlətdən çox az məvacib alan və heç bir yerdə işləməyən vətəndaşların hesabına aparılır? Hətta Akif Əliyev yeni fondun yaradılmasında ölkə başçısının müvafiq sərəncamının olduğunu da bildirdi. Nəhayət, açıq şəkildə dedi ki, əgər həmin məbləğ ödənilməsə, sənədlərin qəbulu mümkün deyil.

Artıq iki aya yaxındır ki, mən sənədləri təqdim edə bilmirəm. Onun dediyi sərəncamın mənə aid olan hissəsini çıxarış kimi rəsmi məktubla istəməyimə baxmayaraq, hələ də sorğuma cavab verilməyib.

Azərbaycan respublikasının həqiqi vətəndaşı olaraq hüququmu qorumaq üçün Milli Məclis, Bas Prokuror, Ombudsman, Mehriban xanım Əliyeva və digər müvafiq orqanlara müraciət etmişəm. Amma heç bir müsbət nəticə yoxdur. Xahiş edirəm, mənim pozulmuş hüquqlarımın bərpası üçün köməklik edə və məsələni ölkə mətbuatına çıxardasınız.
Hər şeydən əvvəl təşəkkür edirəm. ”

Obyektliyi nəzərə alaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

 

  • Yazılıb
  • da (də) 2010 Oct 25