Tarix : 2010 Oct 25
Kod 19306

AZƏRBAYCANI ACLIQ TƏHLÜKƏSİ HƏDƏLƏYİR

Rusiyanın taxıl ixracına qadağanın vaxtını uzatması vəziyyəti kritikləşdirib
Azərbaycan servisi/Aran agentliyi

Xəbər verildiyi kimi, Rusiya taxıl ixracına qoyduğu qadağanın müddətini uzadıb. Bu günlərdə kənd təsərrüfatının vəziyyəti ilə bağlı keçirilən müşavirədə Rusiya baş naziri Vladimir Putin taxıl ixracına qoyulan qadağanın müddətinin gələn il iyulun 1-nə qədər uzadılması barədə qərar imzaladığını açıqlayıb. Putin həmçinin onu da əlavə edib ki, ölkəsində builki quraqlığa baxmayaraq 60 milyon ton taxıl yığılıb. Bunun proqnozlaşdırılan həcmdə olduğunu deyən baş nazirin sözlərinə görə, indi hökumət ölkənin hansı ehtiyata malik olduğunu və taxıl balansının necə olacağını bilir. Baş nazir həmçinin yığılmış məhsulun ölkənin tələbatını tam ödədiyini bildirsə də, taxılın xaricə ixracından hələlik imtina etdiklərini vurğulayıb.

Qeyd edək ki, Rusiya Azərbaycanın taxıl idxal etdiyi ölkələr arasında 2-ci yerdədir. Hər il illik tələbatın 15 faizdən çoxu şimal qonşumuzun hesabına ödənir. Nəzərə alsaq ki, bu il Azərbaycanın özünün daxili istehsalı da azalıb, Rusiyanın tətbiq etdiyi qadağanın müddətini uzatması yaranmış narahatlıqları bir qədər də artırır.
Azərbaycanın ən çox taxıl idxal etdiyi Qazaxıstanda da tədarük azalmaqla yanaşı, qiymətlər artıb. Əvvəlki illərdə bu ölkədən 700-800 ton taxıl idxal edirdiksə, bu il bu göstərici 500 min tona enib. Daxili istehsal isə təxminən 25-30 faiz azalıb. Üstəlik, bu azalma daha çox ərzaq buğdasında müşahidə edilir. Xatırladaq ki, Qazaxıstan da 2011-ci ildən etibarən Azərbaycana ixrac etdiyi taxılın həcmini azaltmaq qərarına gəlib. Bu ölkənin mətbuatının verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Taxıl İttifaqının rəhbəri Nurlan Tleubayev hökumətin bir müddət əvvəl keçirilən müşavirəsi zamanı bildirib. Qeyd edək ki, hazırda Astana müxtəlif taxıl ixracı imkanları üzərində iş aparır. Ekspertlərin fikrincə, bu istiqamətdə daha çox Orta Asiya bazarlarına əsaslanmaq lazımdır. Qazaxıstanın baş naziri Kərim Məsimov açıqlama verərək bildirib ki, hazırda Birləşmiş Ərəb  Əmirliyi və İordaniyada taxıl terminallarının tikilməsi imkanları nəzərdən keçirilir. Məsimovun sözlərinə görə, bu gün taxılın qiyməti yüksəkdir, sabah isə aşağı olacaq: “Bazarları isə uzunmüddətli bir vaxta qazanmalıyıq ki, 2012-ci ilə hazırlıqlı daxil olaq. Qazaxıstanın müəyyən edəcəyi qiymətlər bizim buğdanı idxal etmək istəyən spekulyativ bazarların qarşısını alacaq”. Onun sözlərinə görə, Rusiya və Gürcüstan kimi ölkələr isə böyük həcmdə Qazaxıstan taxılı almayacaq. Nurlan Tleubayev bildirib ki, Qazaxıstan taxılına ən yaxşı qiyməti Orta Asiya və Əfqanıstan verəcək: “Gürcüstana Poti limanında daha çox alman və macar buğdası almaq sərf edir. Yeni ildən sonra Azərbaycana da ixrac həcmləri azaldılacaq”.
Qeyd edək ki, Azərbaycanın Taxıl Fondunda da vəziyyət ürəkaçan deyil. Avqustdan bəri ölkəyə 139 min ton ərzaq buğdası gətirib. Fondun sədri Zülfüqar Məmmədov bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, Qazaxıstan şirkətləri ilə 500 min ton taxılın alınması barədə müqavilə bağlanıb. İyulda bağlanmış müqavilənin şərtlərinə əsasən, ərzaq buğdasının 1 tonu Samur sərhəd-keçid məntəqəsində 250 dollara başa gəlir. Bu isə mövcud qiymətlərdən təqribən 70 dollar ucuzdur. Fondun anbarlarında əvvəldən 30 min ton ehtiyatı var. Yerli fermerlər də fonda taxıl vermirlər. Bunun səbəbi fond rəsmiləri tərəfindən yerli buğdanın keyfiyyətsiz olması, qarşı tərəfdən isə buğdanın olduqca ucuz alınması ilə izah edilir. Üstəlik, yerli istehsalda, xüsusilə də ərzaq buğdasının istehsalında da ciddi azalma var. Rəqəmlər ötən illə müqayisədə 25-30 faiz az buğda istehsal edildiyini göstərir. Hər bir halda, bütün mənbələr hesabına təminat zəifləyib. Bunun müqabilində isə bazarlarda unun və çörəyin qiymətində bahalaşma müşahidə edilir. Bir sıra ekspertlər hesab edirlər ki, gələn ilin ilk aylarından etibarən Azərbaycanda ciddi taxıl çatışmazlığı yaşanacaq. Hələlik həm Taxıl Fondundakı ehtiyat, həm Qazaxıstanla bağlanan müqavilələr əsasında idxal edilən taxıl, həm də yerli istehsaldan əldə edilən məhsul bazarı az da olsa sabit saxlayır. Yəni çörəyin çəkisi azalsa da, qiymətində kəskin artımların olmaması bununla əlaqədardır. Lakin bir qədərdən sonra vəziyyət ciddi dəyişə bilər. Rusiyanın taxıl ixracına qadağanın vaxtını uzatması, Qazaxıstanın isə ixracın həcmini azaltması fermerləri ehtiyatlı tərpənməyə vadar edib. Onların bir çoxu taxılını saxlayıb bir azdan bazara çıxarmaq haqda düşünür. Bu barədə yerli fermerlərdən biri belə deyir: “Məlumatlar var ki, gələn ilin əvvəllərindən etibarən ciddi bahalaşma olacaq. Yəni ölkədə taxıl qıtlığı yaranacaq, ona görə də hələlik yoldaşlarla belə qənaətə gəlmişik ki, məhsulumuzu saxlayaq”. Mütəxəssislərlə və fermerlərlə söhbətdən aydın olur ki, Azərbaycanın malik olduğu taxıl ehtiyatları yaxın aylarda ölkənin taxıla olan tələbatının ödənilməsinə imkan verir. Lakin  hazırkı ehtiyatlar uzunmüddətli dövr üçün planlaşdırılmayıb. Odur ki, bir neçə aydan sonra ciddi taxıl qıtlığının yaranması labüddür.
Kənd Təsərrüfatı Nazirliyi ölkədə taxılın qiymətinin artmaması üçün hökumətə əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edir. Lakin Dövlət Gömrük Komitəsi bu təklifi rədd edir. Mütəxəssislər isə hesab edirlər ki, Nazirlər Kabineti ölkəyə gətirilən taxıl və taxıl məhsullarına tətbiq etdiyi  əlavə dəyər vergisini ləğv etməlidir. Bütün hallarda taxıl idxalından dövlət büdcəsinə ödənişlər cüzidir. Həmin ödənişlər nəinki büdcəyə, Gömrük Komitəsinə ödənişlərin 1 faizini belə təşkil etmir. Başqa tərəfdən, Dövlət Taxıl Fondu daxili tələbatı öz ehtiyatları hesabına ödəməyə çalışmalıdır. Əgər fondun ehtiyatları kifayət qədər olarsa və bazara çıxarılarsa, bu, bazarda qiymətlərin tənzimləməsinə təsir göstərər. Ekspertlər bildirirlər ki, fond həm taxıl standartları, həm də alınan taxılın qiyməti ilə bağlı mövcud rəqəmlərə dəyişikliklər etməlidir.

  • Yazılıb
  • da (də) 2010 Oct 25